Xəbər lenti

Ev bazarında yataqxana davası: “Gedin məmurlara deyin ki...”
Ölkə16:46 25.08.2015

Ev bazarında yataqxana davası: “Gedin məmurlara deyin ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtın kirayə ev bazarında qiymətlər “od tutub yanır”. Tələbələrə 300 manatdan 2500 manatadək evlər təklif olunur. Kirayə mənzillərin bahalaşması təkcə tələbələrin deyil, maklerlərin də narazılığına səbəb olub.
Virtualaz.org saytının əməkdaşları metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən və paytaxtın ən böyük “makler yarmarkası” olan ev bazarında qiymətləri öyrənib.
80-90 manata da ev var, amma hamamı-mətbəxi yoxdur
Bu ayın əvvəlindən kirayə mənzil bazarında canlanma müşahidə edilir. Tələbatın artması isə qiymətlərə təsir göstərib.
Kirayə ev verən dəllalların sözlərinə görə, tələbələr əsasən metro stansiyalarının, təhsil alacaqları ali məktəblərin yaxınlığında ev axtarırlar. Əksəriyyət bina evlərinə üstünlük versə də qiymətlərə görə anlaşa bilmirlər.
Elman adlı makler deyir ki, metro yaxınlığında həyət evlərinin qiyməti 300 manatdan başlayır: “Məsələn, Qaraçuxur, NZS, Keşlə, Bakıxanov qəsəbələrində  200-250 manata həyət evi tapmaq olar. Bəzən 3-4 tələbə qız bir otağı kirayə götürür. Amma bu evlərdə hamam, tualet ümumi istifadədədir. Metro yaxınlığındakı həyət evlərinin qiyməti 300 manatdan başlasa da 400-500 manata rahat şəraiti olan evlər də var. 4-5 tələbə qız birləşib bu evləri götürəndə onlara sərf edir”.
Ev bazarında 80-90 manatlıq evlər də var. Amma bu evlər yalnız rayondan gəlib Bakıda fəhləlik edənlər üçün sərfəlidir.
Nizami adlı makler deyir ki, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında ucuz həyət evləri kirayə verilir: “Həyətin çıxacağında otaqlar tikilib. Lakin hamam yoxdur. Fəhlələr üçün sərfəlidir, axşam gəlib yatmağa şərait var. Otaqlarda iki çarpayı, bir masa və balaca soyuducu qoyulub. Arakəsmədə isə qaz və su kranı yerləşdirilib. Bir nəfər üçün 90 manatadır. Amma tələbələr üçün əlverişli deyil, gərək evdə çimib, suyu həyətdəki tualetə töksünlər”.
Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında, “Azərsutikinti” xəstəxanasının ətrafında da həyət evləri kirayə verilir. Amma qiymətlər 400-800 manat arasında dəyişir. İki və ya üçmərtəbəli evlər daha çox ailəlilərə və əcnəbilərə təklif olunur.
Nərimanov rayonu ərazisində də qiymətlər evin yerləşdiyi ərazidən, şəraitindən asılı olaraq 250-400 manat arasında dəyişir.
Köhnə binaların yeni qiyməti
Makler Nəsimi Məmmədov isə deyir ki, tələbələr əsasən bina evlərinə üstünlük verir: “Hamı ucuz və metroya yaxın ev istəyir. Kənardakı evlər nisbətən sərfəli olsa da tələbə 3-4 marşrut dəyişməklə dərsə gedəcək. Yəni aylıq yol xərci 100-150 manat edir. Buna görə də şəhərin mərkəzindəki binalara tələbat artıb. Bu da qiymətlərə təsir edir”.
Maklerin sözlərinə görə, köhnə binalarla yeni tikililər arasında 100-300 manat qiymət fərqi var. Məsələn, metronun “28 may” stansiyasının yaxınlığındakı köhnə tikililərdə 350-400 manata kirayə ev tapmaq olur: “Montində 350, “Nərimanov” metrosunun yaxınlığında 400, Azadlıq prospektində 400, “Elmlər Akademiyası” metrosunun yaxınlığında 400-500 manata evlər var. Binəqədi və Əhmədlidə isə 300-400 manata evlər təklif edilir. Bakıxanov qəsəbəsində (yarmarkanın yaxınlığında) 300 manata kirayə evlər var”.
Qeyd edək ki, metronun “Elmlər Akademiyası”, “Sahil”, “28 may”, “Nəriman Nərimanov”, “Qara Qarayev” və “Neftçilər” stansiyalarının yaxınlığındakı köhnə binalarda 350 manatdan aşağı ev tapmaq mümkün deyil.
Yasamalda rayonunda (Dövlət Statistika Komitəsinin yaxınlığında) 1 otaqlı ev 450 manata, “Elmlər Akademiyası” stansiyasının yaxınlığında (Səudiyyə Ərəbistanı səfirliyinin yanında) isə 400 manata təklif edilir.
Səfayət Mehdiyev və Zahid Xəlilov küçələrində isə həmin qiymətə ikiotaqlı mənzillər kirayələmək olar.
Yeni tikililərdə qiymətlər “uçur”...
Yeni tikililərdə 2 və ya 3 otaqlı evlərin qiyməti orta əməkhaqqından iki dəfə yüksəkdir.
Məsələn, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında birotaqlı mənzillərin qiyməti 500 manatdan başlayır. İşıq, qaz, su, lift, telefon və digər ödənişlər də kirayəçinin öhdəsindədir.
Metronun “Nərimanov” stansiyası yaxınlığında yeni tikililərdə kirayə evlərin qiyməti 400 manatdan başlayır.
Makler Həsən Əliyev deyir ki, dünən iki tələbə qız içində əşyaları da olan ikiotaqlı, təmirli evi 500 manata kirayələyiblər: “Metronun “Gənclik” stansiyasının yaxınlığında, “Dostluq” kinoteatrıınn yanında ikiotaqlı mənzillər var. 550 manat aylıq kirayəyə verilir. Amma kommunal xərclər qiymətə daxil deyil. “İnşaatçılar” metrosunun yanında üçotaqlı, super təmirli mənzili 800 manata kirayəyə verirlər. Mənzildə paltaryuyan, qabyuyan maşınları, kombi var. Ev tələbələrdən daha çox əcnəbi ailələr üçün əlverişlidir. Bakı Dövlət Universitetinin yaxınlığında tələbələr üçün sərfəli evlər var. Məsələn, yeni tikililərdə 400 manata birotaqlı ev iki tələbəyə sərf edər”.
Təhsil haqqı ödəyirik, bəs niyə yataqxana tikmirlər?
Bu sualı isə ev bazarında qızına otaq yoldaşı axtaran Qazax rayon sakini soruşur: “Qızım Bakı Dövlət Universitetinə qəbul olunub. Necə olur ki, tələbədən 1500-2000 illik ödəniş alırlar, amma yataqxanada yer vermirlər? Deyirlər tələbə çoxdur, yataqxanada isə yer yoxdur. Əhmədlidə həyət evi kirayələmişəm, indi otaq yoldaşı axtarıram”.
Tələbə qızı üçün kirayə ev axtaran Gəncə sakini isə bahalıqdan şikayətçidir: “İki ildir müəllimlərə pul xərcləyirəm. Bu il instituta qəbul oldu, dedim işim asanlaşdı. Amma kirayə ev tapa bilmirəm. Ayda 200-300 manat necə ödəyim? Fəhləliklə pul qazanıram. Hələ iki uşağım məktəbdə oxuyur, onları da saxlamalıyam axı. Ali məktəblər yataqxana haqda düşünməlidir. Hamı istəyir ki, uşağı ali təhsil alsın, amma şərait yoxdur”.
Kənarda narazıları dinləyən maklerlər də söhbətə müdaxilə edirlər: “Tələbələr də narazıdır, ev sahibləri də. Amma bizi düşünən yoxdur. Biz ev sahibini də, kiyarə axtaranı da razı salmalıyıq. Qiymət artımı olanda bazar “ölür”. Bəzən ayda bir dəfə qazancımız olmur. İndi 300-700 manatlıq evlər çoxdur, kirayəçi tapıb verə bilmirik. Rayondan gələnlərin çoxu aztəminatlı ailələrdir. Bu kişi pomidor satmaqla dolanır, kəndli adamdır. 250 manatı necə ödəsin?!”
...Tələbə övladına kirayə ev axtaranlardan biri arxamızca səslənir: “Uşağın oxumaması bir, oxuması min dərddir. Gedin, bunu hökumətə, ali məktəb rektorlarına, məmurlara, nazirlərə çatdırın. Deyin ki, ali təhsil üçün pul yığmaq asandır, tələbələrə yataqxana da tiksinlər...”
Valideynin iradı qarşısında verəcəyimiz cavab yoxdur. O, əlbəttə ki, haqlıdır.

Qaynar.info