Avqustun 13-də Nərimanov rayon Məhkəməsində fəaliyyəti məcburən dayandırılmış “Xural” qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxılıb.
Hakim Məzahir Sadıqovun sədrliyilə başlayan məhkəmə prosesi bu dəfə də problemsiz ötüşməyib. Məhkəmə iclasının açıq keçirilməsinə baxmayaraq, 30 nəfərə yaxın insanın qatılmaq istədiyi məhkəmə zalı yalnız 10 nəfərin iştirak edə biləcəyi kiçik zala təyin olunub. Media nümayəndələrinin və eləcə də Ə.Zeynallının özünün və yaxınlarının etirazına baxmayaraq, zal dəyişdirilməyib.
Proses zamanı məlum olub ki, Mətbuat Şurasının adından məhkəməyə səlahiyyətli nümayəndə kimi göndərilən, MŞ-nin İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli hüquqşünas olmadığından iddianın hüquqi tərəflərini izah edə bilməyəcək. O səbəbdən də hakim Ə.Zeynallının razılığı ilə Mətbuat Şurasına iddia ərizəsi və digər sənədlərlə tanış olmaq üçün vaxt istəyib.
M.Ələsgərli dəfələrlə bildirib ki, MŞ Əvəz Zeynallının həbs olunmasını istəmirdi və jurnalistlərin həbsdə olmasına etiraz edərək 5 dəfə bəyanat verib. Ə.Zeynallı bildirib ki, həmin bəyanatlarla tanış deyil və bu bəyanatların onunla heç bir əlaqəsi yoxdur: “Yaxşı yadımdadır ki, Siz o bəyanat dediyiniz açıqlamaları Quba jurnalistləri həbsdə olarkən vermişdiniz. Təbii ki, jurnalistin yeri həbsxana deyil. Amma bir dəfə də olsun mənim adımla bağlı bəyanat verməmisiniz... Çünki Mətbuat Şurası da mənim həbsimdə rolu olan qurumlardan biridir. Yoxsa jurnalistlərin hüquqlarını müdafiə etməli olan bir qurum, sifarişlə deyil, vicdanı ilə qərar verməlidir.”
Ə.Zeynallı onu da bildirib ki, Nərimanov rayon Məhkəməsi ədalətli qərar çıxarmadığı təqdirdə, bütün instansiyaları keçdikdən sonra işi Avropa Məhkəməsinə qədər aparacaqlar.Məhkəmə avqustun 29 saat 11:00-dək təxirə salınıb.Xatırladaq ki, saxta ittihamlarla 9 il həbs cəzasına məhkum olunmuş baş redaktor məhz bu məhkəmə prosesinə görə bir müddət əvvəl 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Qaynar.info