
Ağdaş rayonu sakini Əlican Mahmudov Qaynarinfo.Az-a müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, 26 oktyabr 2015-ci ildə evi qarət olunan Əlican Mahmudov Ağdaş RPŞ-nin işindən narazıdır. Müraciətin mətni:
"Son zamanlar Ağdaş rayonunda baş verən silsilə oğurluqların qurbanlarından biri də 26 oktyabr 2015-ci il tarixində mən oldum. Evimdən 15.000 manatdan artıq dəyərində qızıl-ziynət əşyaları, 5100 manat nəğd pul və dövlətə sədaqətli xidmətimə görə 2010-cu ildə tərəfinizdən verilmiş "Dövlət qulluğunda fərqlənməyə görə" medalı oğurlanmışdır. Bununla bağlı, Ağdaş RPŞ-də başlanmış cinayət işi bu günə qədər də açılmamış sirrə qədəm qoymuşdur. Ağdaş RPŞ-də qəbulda olarkən verilən yalançı vədlər məndə cinayət işinin açılmasında şübhə yaratmış, bununla bağlı dəfələrlə respublikanın bütün ali orqanlarına rəsmi şikayət ərizəsi yazmağıma baxmayaraq, bu günə qədər heç bir nəticə olmamış, tam əksinə susdurulmuşdur. Mən, 1993-cü ildən 2012-ci ilə qədər icra hakimiyyəti orqanlarında fasiləsiz çalışmış və ölkə başçısı tərəfindən də yüksək səviyyədə qiymətləndirilmişəm. Hazırda xəstəliyimə görə, II qrup pensiyaçı-əliləm. Həyatım boyu Ağdaş rayonunda gedən ictimai-siyasi işlərdə fəal olmuşam. YAP Ağdaş rayon təşkilatının şura üzvüyəm. Ailəmiz Heydər Əliyevin hakimiyyətinə sədaqətlə xidmət etmiş və bu gün də dövlətimizə, prezidentimizə və onun hüquq müdafiəsi orqanlarına güvənmişəm. Mənim tək bir arzum var ki, tez bir zamanda evimdə edilmiş oğurluq hadisəsinin açılsın, dəymiş maddi ziyanlığın ödənilsin və mənim kimi qurbanların sayının artmaması üçün cinayətkarlar tapılaraq məsuliyyətə cəlb olunsun. Hörmətlə, Əlican Mahmudov.”
Məsələ ilə bağlı DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Qaynarinfo.Az-a bildirdi ki, cinayət işi həm baş prokurorluq, həm də nazirliyin nəzarətindədir:
"Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Hazırda cinayətin açılması istiqamətində istintaq gedir və əməliyyat-axtarış işləri davam etdirilir".