Naxçıvanda keçirilən sertifikatlaşdırmanın ikinci dövriyyə imtahanları yüksək nəticələrlə yanaşı, müəllimlər üçün motivasiyaedici uğur hekayələri ilə də yadda qalıb. Bu uğurlardan biri də Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbdə çalışan müəllim ailələrinə aiddir.
Qaynarinfo xəbər verir ki, "Azərbaycan müəllimi” yüksək nəticə əldən edən bu müəllimlərlə söhbətləşib.
İmtahanda yüksək nəticə göstərən Tusi Həsənli və Pərvin Həsənli həyat yoldaşlarıdır və hər ikisi də Azərbaycan dili və ədəbiyyat müəllimidir. Tusi Həsənli 59, Pərvin Həsənli isə 57 bal toplayıb.
15 ildir ki, müəllim işləyən Tusi Həsənli 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında "İlin gənc müəllimi” adına layiq görülüb. O, dəfələrlə Naxçıvan Təhsil Nazirliyi, Babək Rayon Təhsil Şöbəsi və yerli icra hakimiyyəti tərəfindən təşəkkürnamə, fəxri fərman və diplomlarla təltif olunub.
İmtahana hazırlıq prosesindən danışan müəllim qeyd edir ki, fərdi şəkildə çoxlu test vəsaiti işləyib, dərslikləri bir neçə dəfə oxuyub: "İmtahana fərdi şəkildə hazırlanmışam. Çoxlu sayda test vəsaiti işləmişəm, həmçinin dərslikləri bir neçə dəfə oxumuşam. Təbii ki, həyat yoldaşım ən böyük dəstəkçim olub, sualları və mövzuları birlikdə müzakirə və mütaliə etmişik”.
Onun sözlərinə görə, imtahanda ciddi çətinliklə üzləşməyib, lakin ədəbiyyat üzrə təqdim olunan əsərlərin orijinalını bir neçə dəfə oxumaq daha çox zaman tələb edib.
Tusi Həsənli qazandığı nəticədən böyük sevinc hissi keçirdiyini bildirir: "Çox sevincliyəm. Hər uğurun insana bəxş edilən bir nemət olduğuna inanıram. Çox çalışmağın və düzgün istiqamətlənməyin böyük faydası var. Bu proses müəllim kimi mənə əlavə motivasiya verir. Gələcəkdə də Azərbaycan təhsilinə daha yaxşı xidmət etməyimiz üçün imkanlar yaradır”.
Hazırda Naxçıvan Dövlət Universitetində Azərbaycan dili üzrə fəlsəfə doktoru proqramı üzrə təhsil alan müəllim gələcək planlarından da bəhs edib: "Doktorantura təhsili alıram. Yaxın gələcəkdə elmi işimi müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsi almağı və fəaliyyətimi ali təhsil müəssisəsində davam etdirməyi planlayıram”.
Fotoda: Tusi Həsənli
11 ildir ki, müəllim kimi fəaliyyət göstərən Pərvin Həsənli də imtahana ciddi və planlı şəkildə hazırlaşıb. O, dərsliklər, test tapşırıqları və əlavə vəsaitlər üzərində işlədiyini bildirir: "Fərdi şəkildə dərsliklərdən, test tapşırıqlarından və əlavə vəsaitlərdən istifadə edərək hazırlaşmışam. Təbii ki, yoldaşımla bir-birimizə dəstək olmuşuq”.
O deyir ki, ixtisas sualları əsasən çətinlik yaratmayıb: "Deyərdim ki, ixtisas testlərində çətinlik yaradan bir o qədər sual olmadı. Sadəcə kurikulum suallarında ola bilsin ki, nəyisə gözdən qaçırmış olum. Əlimdən gələni etdim, şükürlər olsun ki, bunun qarşılığını aldım və çox sevincliyəm”.
Pərvin Həsənli hesab edir ki, bu uğur onun gələcək fəaliyyətinə də müsbət təsir göstərəcək: "Bu nəticənin mənə əlavə stimul verəcəyini düşünürəm. Gələcəkdə də şagirdlərin daha yaxşı təhsil alması üçün əlimdən gələni edəcəyəm”.
Fotoda: Pərvin Həsənli
Nehrəm məktəbinin digər müəllimləri də imtahanda uğurlu nəticələr əldə ediblər. Riyaziyyat müəllimi Lətafət Abdullayeva 60 bal toplayaraq ən yüksək nəticə göstərənlərdən biri olub.
20 illik pedaqoji təcrübəyə malik müəllim bildirir ki, imtahanda müxtəlif səviyyəli suallar təqdim olunub: "Düşünürəm ki, suallar çox ədalətli hazırlanmışdı. İmtahan isə şəffaf keçdi, heç kim bir-birinə mane olmadı. Orta məktəbdə öz fənnini yaxşı tədris edən müəllim mütləq imtahandan uğurla keçəcək”.
Müəllim deyir ki, özünün və yoldaşının yüksək nəticə əldə etməyi həm maddi, həm də mənəvi cəhətdən ailələri üçün sevindiricidir.
Fotoda: Lətafət Abdullayeva
Latafət müəllimin həyat yoldaşı biologiya müəllimi Əşrəf Abdullayev də 58 bal toplayıb.
22 illik təcrübəsinə əsaslanaraq qeyd edir ki, suallar çərçivə sənədinə tam uyğun idi və bütün mövzuları əhatə edirdi: "Suallar hər səviyyədə var idi. İmtahan çox sakit və problemsiz keçdi. Hazırlıq zamanı DİM-in testlərindən, vəsaitlərindən və ARTİ-nin materiallarından istifadə etmişəm”.
O, əldə olunan nəticənin yalnız maddi deyil, mənəvi tərəfinin də böyük əhəmiyyət daşıdığını vurğulayır: "Müəllim üçün yüksək nəticə toplamaq çox sevindiricidir. Yoldaşımın da yüksək bal topladığını eşidəndə bu mənə əlavə motivasiya verdi. Uşaqlarımız, dostlarımız, qohumlarımız da bu uğura sevindilər. Bir-birimizə necə öyrənməli olduğumuzla bağlı dəstək olduq. Hər bir müəllimə uğurlar arzulayıram. Tövsiyəm odur ki, müəllimlər öz fənlərini təkrar etsinlər. Suallar çərçivə sənədindən kənara çıxmır. Qorxuya ehtiyac yoxdur, hətta orta biliyi olan müəllim belə yaxşı nəticə əldə edə bilər”.
Fotoda: Əşrəf Abdullayev
Şərhlər