Xəbər lenti

Eynşteyn şəxsiyyətin cəmiyyətdəki rolu haqda
Ölkə08:09 17.10.2016

Eynşteyn şəxsiyyətin cəmiyyətdəki rolu haqda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Cəmiyyət və şəxsiyyət” essesi

Öz həyatımıza və necə çırpınıb çabaladığımıza dərindən nəzər salanda görürük ki, bizim bütün fəaliyyətimiz və arzularımız digər insanların mövcudluğuyla əlaqədardır. Görürük ki, bizim bütün təbiətimiz sosial heyvanları əks etdirir. Biz başqalarının bəslədiyi ərzaqları yeyirik, başqalarının tikdiyi paltarları geyinirik, başqalarının inşa etdiyi evlərdə yaşayırıq. Biliyimizin və inancımızın əksər hissəsi elə başqalarının yaratdığı dillə başqalarının vasitəsilə bizə ötürülüb. Dil olmadan bizim mənəvi tutumumuz ali heyvanlarla müqayisədə həqiqətən olduqca kasad olardı; buna görə də qəbul etməliyik ki, vəhşilər üzərindəki üstünlüyümüzü insan cəmiyyətində yaşadığımız faktına borcluyuq. 

Fərd doğuşdan etibarən tək buraxılsa, onun fikirləri və hissləri o dərəcədə  primitiv və vəhşi təhər qalar ki, onu tanımaqda çətinlik çəkərik.

Fərd nədirsə odur və onun fərdi üstünlüyünün - beşikdən məzaracan onun maddi və mənəvi mövcudluğunu istiqamətləndirən böyük insan cəmiyyətindən kənarda - elə bir əhəmiyyəti yoxdur. 

İnsanın cəmiyyətdəki dəyəri əsasən onun duyğuları, düşüncələri və hərəkətləriylə soydaşlarına nə qədər fayda verməsindən asılıdır. 

Biz bir kimsəni bu məsələdə hansı nöqtədə dayanmasına görə yaxşı və ya pis adlandırırıq. İlk baxışdan belə görünür ki, bizim insanı qiymətləndirməyimiz onun sosial keyfiyyətlərindən asılıdır. 

Və ola da bilər ki, belə bir münasibət yanlış olsun. Aydındır ki,  cəmiyyətdən aldığımız maddiyat, mənəviyat və əxlaq kimi dəyərli məfhumları saysız-hesabsız nəsillər müəyyən yaradıcı fərdlərdən əxz etmişlər. Oddan istifadə, yeyilə bilən bitkilərin əkilməsi, buxar maşını – bunların hər birini bir insan kəşf edib. Yalnızca fərd düşünə və bununla cəmiyyətə yeni dəyərlər qata bilər, o, hətta cəmiyyətin qəbul edə biləcəyi yeni əxlaq meyarları formalaşdıra bilər.

Yaradıcı, müstəqil düşüncəli və mühakimə edən şəxsiyyətlərsiz cəmiyyətin irəliləməsini təsəvvür etmək nə qədər mümkünsüzdürsə, cəmiyyətin torpağının şirələrindən dadmayan fərdi şəxsiyyətin inkişafını da təsəvvür etmək o dərəcədə mümkünsüzdür. 

Cəmiyyətin sağlamlığı beləliklə, fərdin müstəqilliyindən və onun müstəqiliyyinin özünün əsas siyasi bağlılığı kimi dərk etməsindən hədsiz dərəcədə asılıdır. Biz bunu tamamilə açıqca Yunan-Avropa-Amerikan mədəniyyətində bütövlüklə, yarımçıq formada isə orta əsr Avropa durğunluğuna son qoyan heyratamiz İtalyan Renesansında şahid olmuşuq, bunlar fərdin azadlığına və müqayisəli təcridinə əsaslanırdı. 

İndi isə gəlin indi yaşadığımız dövrə nəzər salaq. Cəmiyyət özünü necə, fərd özünü necə ifadə edir? Sivil ölkələrin əhalisi əvvəlki dövrlərlə müqayisədə olduqca sıxdır: bugünkü Avropada yüz il əvvələ müqayisədə əhali 3 qat artıb. Ancaq bütöv proporsiyada ali şəxsiyyətlərin sayı azalıb. Kütlələr əldə etdikləri müvəfəqiyyətlərə görə azsaylı fərdləri tanıyırlar. Ali şəxsiyyətlər dedikdə əsasən texnologiya sahəsinə, müəyyən qədər də elm sahəsinə aid olan insanlar yada düşür. İncəsənət sahəsindəki görkəmli  fiqurların azlığı xüsusilə diqqəti cəlb edir. 

Rəssamlıq və musiqi əməllicə tənəzzülə uğrayıb və populyar cəzbediciliklərini əhəmiyyətli dərəcədə itiriblər. Siyasət təkcə liderlərdən məhrum deyil, həmçinin vətəndaşın müstəqilliqdən yararlanması və ədalət duyğusu böyük ölçüdə azalıb. Belə bir müstəqilliyə əsaslanan demokratik, parlamentli hökumətlər bir çox yerlərdə sarsıntılara məruz qalıb, diktaturalar çiçək açıb və dözümlə qarşılanıblar, ona görə ki, insanların ləyaqət hissi və fərdlərin hüquqları əvvəlki kimi güclü deyil artıq. 

Cəmi iki həftə ərzində qoyun xasiyyət kütlələr qəzetlər vasitəsilə elə bir qəzəb həddinə çatdırıla bilərlər ki, üzərlərinə forma geyindirilib öldürməyə və bəraətə təhrik oluna bilərlər, özü də nəyə görə -  bir neçə nəfərin çürük məqsədlərinə görə. Məcburi hərbi xidmətlə şəxsi ləyaqət hissinin ən rüsvayçı şəkildə alçaldılması mənə görə bu gün mədəni bəşəriyyətin ən çox əziyyət çəkdiyi simptomdur. 

Təəccüblü deyil ki, sivilizasiyanın batmaqda olduğunu təxmin edən peyğəmbərlərin sayı az deyil. Amma mən o pessimistlərdən deyiləm: inanıram ki, daha yaxşı zamanlar gəlir. İcazə verin, öz nəzərlərimiz belə rahatlıqla qısaca ərz edim. Zənnimcə, dekadentliyin indiki simptomları sənayeləşmə və maşınlaşma inkişafı faktının mövcudluq uğrundakı mübarizəni daha da kəskinləşdirməsiylə və fərdin müstəqil inkişafına xələl gətirməsiylə izah oluna bilər. Lakin maşınlaşmanın inkişafı həm də o deməkdir ki, cəmiyyətin ehtiyaclarını qarşılamaq üçün fərddən daha az işləmək tələb olunur. Əməyin bölünməsi getdikcə daha çox vacib ehtiyaca çevrilir və bu bölünmə fərdin maddi təhlükəsizliyinə gətirib çıxaracaq. Fərdin öhdəçiliyində olan bu təlükəsizlik, vaxt çoxluğu və enerji onun daha da uzağa inkişafıyla nəticələnə bilər. Bununla cəmiyyət öz sağlamlığını yenidən əldə edə bilər və ümid edək ki, gələcək tarixçilər müasir cəmiyyətin xəstəhal simptomlarını sivilizasiyanın götürdüyü hədsiz sürətə görə, irəliyə can atan insanlığın uşaqlıq illətləri kimi qələmə verəcəklər. 

Albert Eynşteyn 

Tərcümə: Cavid Ramazanlı

Qaynar.info