Xalq artisti Faiq Ağayevin Milli Məclisin növbəti çağırışında deputatlığa namizədliyini vermək istəməsi məsələsi geniş müzakirələrə səbəb olub.
Bu barədə Qaynarinfo-ya danışan bəstəkar Nailə Mirməmmədli Faiq Ağayevin böyük dünyagörüşə sahib sənətçi olduğunu deyib və deputat seçiləcəyi təqdirdə mədəniyyət sahəsi üçün böyük işlər görəcəyinə inandığını bildirib:
"Mənim Faiqi Ağayevə böyük hörmətim var. Ona görə ki, onun dünyagörüşü, təhsili üzdən deyil, dərindir. Çox savadlı bir adamdır. Bu, elə onun danışığından da bilinir. Bizim nümayəndələrdən Zeynəb Xanlarova da deputatdır. Mənə elə gəlir ki, Zeynəb xanım da, Faiq Ağayev də Azərbaycan mədəniyyəti naminə gözəl işlər görəcəklər və bu gün incəsənətimizlə bağlı vacib problemləri həll edə biləcəklər".
Xalq artisti Cavan Zeynallı da məsələyə münasibət bildirib. O, Faiq Ağayevin xalq tərəfindən sevildiyini bildirib:
"Faiq Ağayev bir sənətçi kimi həqiqətən sevilir. Onun gözəl mahnıları, ifaları, konsertləri var. Xalq artisti adını alıb. Yadımdadı, Rəşid Behbudov da Azərbaycan SSRİ-nin deputatı olmuşdu. Sənətçi gərək xalqın içərisində olsun. Onu sevsinlər, saysınlar, hörmətlə yanaşsınlar".