
Dünən Modern.az saytı ATV-nin “Bozbaş Pictures” serialının “Fəlakət” obrazı ilə tanınan aktyoru Elşən Orucova ölkə başçısı tərəfindən mənzil verilməsi haqda xəbər yayıb.
Qaynar.info xəbər verir ki, bu gün modern.az saytı bu haqda təkzib verib. Sayt bəyan edir ki, bu xəbərin hazırlanması və yayılması zamanı kobud səhvə yol verib, KİV haqqında qanunun tələblərini, peşəkar jurnalist qaydalarını ciddi şəkildə pozub. Xəbər hazırlanarkən onu təsdiq edən faktlar yazıda göstərilməyib. Həmin xəbəri hazırlayan saytın müxbiri bununla əlaqədar aktyorun özü ilə əlaqə də saxlayıb. Qarşı tərəf isə məlumatı təsdiqləməsə də, inkar da etməyib. Aktyor sualı “bu haqda danışmaq istəmirəm” deyərək cavablandırıb.
Xəbər saytda yayımlanandan sonra saytın əməkdaşı bu məsələylə əlaqədar digər müvafiq qurumlarla da əlaqə saxlayıb və məlum olub ki, əslində aktyor Elşən Orucovun bilərəkdən danışmaq istəmədyi məsələ həqiqət deyilmiş, adı çəkilən serialın “qəhrəmanı” nə ölkə başçısının iştirak etdiyi qeyri-rəsmi tədbirdə olub, nə də ondan mənzil istəyib.
Modern.az saytının rəhbərliyi hesab edir ki, ölkə başçısının adının hallandırıldığı belə yanlış xəbərin yayımlanması həm jurnalistin, həm də xəbərə münasibət bildirən aktyorun, həm də redaksiya heyətnin kobud səhvi üzündən baş verib. Bu səhvə görə Modern.az saytı oxuculardan üzr istəyir.
Modern.az bir daha baş vermiş bu kobud səhvə görə oxuculardan üzr istəyir. Bu yanlışlığın məsuliyyətini redaksiya kollektivinin daşıdığını bildirir. Xəbəri hazırlayan jurnalist və buna məsul redaktor sərt şəkildə cəzalandırılıb.
Qaynar.info