Kürdəmirdə bir neçə fermer dələduzluğun qurbanı olub.
Qaynarinfo xəbər verir ki, kənd təsərrüfatı məhsullarının pulunu qısa müddətdə ödəyəcəyini vəd edən Asif Şükürov (şərti) müxtəlif fermerlərdən tonlarla taxıl və arpa götürüb, daha sonra isə həmin məhsulları başqa şəxslərə sataraq əldə edilən vəsaiti tam şəkildə qaytarmayıb.
Müəyyən edilib ki, əvvəlcə Kürdəmir rayonunun Şilyan kəndində fəaliyyət göstərən şirkətin ərazisində saxlanılan 15 ton 300 kiloqram taxıl, daha sonra isə 9 ton 260 kiloqram taxıl məhsulu götürülüb. Məhsulların ümumi dəyəri 13 min manatdan çox olub. Həmin məhsulların pulunun iki gün ərzində ödəniləcəyi bildirilsə də, bu vəd yerinə yetirilməyib.
Bundan başqa, Qarasaqqal kəndində yerləşən fermadan da 9 ton kiloqram arpa və 33 ton 400 kiloqram taxıl məhsulu eyni üsulla əldə olunub. Bu məhsulların dəyəri 22 min manata yaxındır.
Toplanan məlumatlara görə, əldə edilən məhsullar sonradan müxtəlif şəxslərə satılıb, lakin satışdan əldə olunan vəsaitin yalnız kiçik bir hissəsi zərərçəkmişlərə qaytarılıb. Nəticədə fermerlərə ümumilikdə 28 min manatdan çox maddi ziyan dəyib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb, daha sonra isə fakt üzrə cinayət işi başlanıb. Asif Şükürov saxlanılıb. İş materialları üzrə istintaq tamamlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmə araşdırmasının nəticəsinə əsasən, müttəhim Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri (təkrar dələduzluq və xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Seyid
Şərhlər