
Dünən səhər saat 9-dan etibarən ölkənin son vaxtlar ən çox ziyarət edilən xəbər saytlarından biri olan "Ölkə.Az"-a haker hücumları başlayıb.
Qaynar.info-nun verdiyi xəbərə görə, “Ölkə.Az” saytının texniki heyəti bu hücumun indiyədək olan ən kütləvi hücum olduğunu qeyd edirlər.
Texniki heyət hücumun DDoS tipli olduğunu, hostların əksəriyyətinin gizli olduğunu, bəzilərinin isə Türkiyə, Pakistan və Hindistandan olduğunu qeyd edirlər. Ümumiyyətlə, sayta 2000 IP-dən hücum olunur. Buna görə də saytın yerləşdiyi server bir müddət sayta girişi və onun idarə olunduğu administrativ strukturu bağlayıb. Sayta xidmət edən texniki mütəxəssislər bildirirlər ki, bu hücumlar nəticəsində saytın dağıdılması mümkün olmayacaq, amma fəaliyyətdə qısamüddətli fasilələr ola bilər: "Fikrimizcə, bu sayaq hücumlar diletant adamların işi deyil və "Ölkə.Az" saytının gündəmə gətidiyi məlum restoranda erməni musiqisinin səslənməsi ilə bağlı ola bilər".
"Ölkə.Az"-ın fəaliyyətinə əngəl yaradılması sifarişi haradan gələ bilər?
“Ölkə.Az” saytının baş redaktoru Qafqaz Ömərovun fikrincə, hələlik onların şübhələndiyi yeganə tərəf Fətullah Gülən şəbəkəsidir. “Saytımızda son günlər dərc olunan materiallarla bağlı Fətullah Gülən şəbəkəsinə aid olduğu heç kəsə sirr olmayan "Mado" restoranı ilə aramızda problemlər yaranıb. Onlar, barələrində çıxan materialları müxtəlif yollarla təkzib etməyə, hətta bizə çamur atmağa çalışırlar - gah sosial şəbəkələrdə öz biabırçılıqlarına haqq qazandırmaq istəyirlər, gah da sayt rəhbərliyinə müxtəlif vasitəçilər vasitəsilə zənglər edirlər, gah da məhkəməylə hədələyirlər və s. Hiss olunur ki, ciddi təşviş içindədirlər və nəyin bahasına olur-olsun, ünvanlarına səslənən tənqidləri neytrallaşdırmaq istəyirlər. Bu baxımdan "Mado" restoranının "Ölkə.Az" saytına hücum təşkil etdirməsi tam gözləniləndir. Hətta biz bunu proqnozlaşdırırdıq”.
Saytın texniki heyətindən bildiriblər ki, hazırda da sayta kütləvi DDoS hücumları davam edir və hücumları dəf etməklə məşğuldurlar.
Artq sayt rəhbərliyi kiberhücumlarla əlaqədar Milli Təhlükəsizlik Nazirliyinə müraciət etməyə hazırlaşır.
Qaynar.info