Gecə saat saat 03:00 radələrində Bakının mərkəzində yerləşən "Location” gecə klubunda yanğınla nəticələnən güclü partlayış baş verib.
Hadisə ilə bağlı FHN-nin yaydığı açıqlamada deyilir:
"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.
Obyekt daxilində axtarış-xilasetmə tədbirləri aparılıb.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerində olub".
Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib - "Azəriqaz"-dan bildirilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb - Baş prokurorluqdan bildirilib.
ARAYIŞ:
23 Fevral, 2022- Klubun səhifəsi "Tezliklə! Şəhərə səs salmağa gəlirik" anonsu ilə sosial şəbəkələrdə fəaliyyət göstərməyə başlayıb.
Mart ayının ortalarından klub işləməyə başlayıb.
Aprelin 2-dən 3-nə keçən gecə, saat 3 radələrində klubda partlayış olub. İlkin məlumatlarda qaz sızması səbəbi göstərilir.
Daha sonra klubun instaqram səhifəsində postlar tamamilə silinib.
Partlayış nəticəsində 30-dan çox yaralanan var, 1 nəfər ölüb.