Xəbər lenti

Fikrət Qocanın intiharı
Ölkə12:21 09.01.2014

Fikrət Qocanın intiharı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mövlud Mövlud 

Bu barədə çox yazılıb, çox deyilib. İntiharı zəiflik adlandıranlar da var, cəsarətli hərəkət kimi qələmə verənlər də. Din isə canına qıyanları lənətləyir. Özünü öldürməyi Allahın əmanətinə xəyanət kimi görür.

Yazı-pozu adamlarının intiharı isə həmişə insanların marağına səbəb olub. Şairlərin, yazıçıların, sənət adamlarının müxtəlif yollarla həyata “əlvida”,-deməsi filmlərə, bədii əsərlərə mövzu olub. Ernest Heminquey, Vurciniya Vulf, Sergey Yesenin, Yukio Misima, Silvia Plat… 

Bəşəriyyətin söz xəzinəsinə şahanə əsərlər bəxş edən bu adamlar, öz ölümləri ilə dünyadakı böyük ədalətsizliklərə və həmin ədalətsizliklərin onların həyatına vurduğu zərbələrə protest ediblər. 

Dediyim kimi, dünya ədəbiyyatında intihar faktı çoxdur. Amma mən bu balaca köşədə onların hamısı barədə danışmaq, psixoloji portret cızmaq iqtidarında deyiləm. Mən sadəcə, Virciniya Vulfun intihardan əvvəl həyat yoldaşına yazdığı məktubu sizinlə paylaşmaq istəyirəm. Məncə, bu balaca məktub bir yazıçının ömrünə vurulan ən qəmli yekundur.

Vulfun məktubu

“Əzizim, artıq yenidən dəli olmağa başladığımı hiss edirəm. Daha bu pis günləri geridə buraxa bilməyəcəyimi düşünürəm. Bu dəfə sağala bilməyəcəm. Səslər eşitməyə başlamışam və diqqətimi işimə cəlb edə bilmirəm. Elə buna görə də edə biləcəyim ən doğru işi edirəm.

Sən mənə yaşada biləcəyin ən gözəl, xoşbəxt günləri yaşatmısan. Elə hər baxımdan. Bu xəstəliyə tutulana kimi iki insanın birlikdə dada biləcəyi ən böyük xoşbəxtliyi daddıq. Bundan artıq mübarizə apara biləcəyimə inanmıram. Buna gücüm yoxdur. Bilirəm, həyatını məhv edirəm, ancaq mənsiz də həyat davam edəcək. Yaşamağa davam edəcəksən, bilirəm. Bu məktubu belə düzgün yaza bilmirəm. Oxuya bilmirəm.

 Demək istədiyim budur ki, həyatımdakı bütün xoşbəxtlikləri sənə borcluyam. Həmişə yanımda oldun, mənə arxa durdun. Bunu hamı bilir. Əgər məni xilas edəcək biri olsaydı, bu sən olardın. Mən hər şeyimi itirdim, amma sənin mənə etdiyin yaxşılıqlar həmişə mənimlə olacaq. Həyatını daha çox cəhənnəmə çevirə bilmərəm. Həyatda kiminsə bizim kimi xoşbəxt ola biləcəyinə də inanmıram”.

Fikrət Qocanın intiharı

Bizdə isə tarixən sənətkarların intihar etməsinə ehtiyac qalmayıb. Şükür Allaha, cəmiyyətimiz özü onları ya çərlədib öldürüb, ya da dəli eləyib, küçələrə salıb. Bircə, sovet dövründə şair Sərdar Əsədin canına qəsdi tarixə düşüb. 

Yazının sonunda maraqlı bir əhvalatı sizinlə paylaşmaq istəyirəm. Moskvada təhsil aldığı illərdə şair Fikrət Qoca sərxoş olan kimi pəncərəyə tərəf qaçıb deyirmiş: “Öldürəcəm özümü!”. Tələbə yoldaşları birtəhər sakitləşdirirmiş Fikrət müəllimi. Bir belə, beş belə, axırda Əkrəm Əylisli deyib ki, dəyməyin, a kişi, buraxın görək neyləyəcək. Tələbələr də gənc şairi intihar arzusu ilə baş-başa qoyub çəkiliblər kənara. Fikrət müəllim neyləyib? Heç, Fikrət müəllim AYB-də katib işləyir.

Allah ömür versin!

Teleqraf.com