Xəbər lenti

Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?
Ölkə 13:49 01.07.2026

Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?

İyunun 1-dən etibarən Finlandiyada fəaliyyət göstərən son telekommunikasiya şirkəti də fiziki və hüquqi şəxslər üçün stasionar telefon xətlərinin xidmətini dayandırıb.  Bununla da Finlandiya XIX əsrin sonlarından istifadə olunan stasionar telefon rabitəsi ilə tam vidalaşaraq mobil və internet texnologiyalarına tam keçid edən ölkələrdən birinə çevrilib.

Bəs, Azərbaycanda da ev telefonları ləğv oluna bilərmi?

İqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaxın illərdə Azərbaycanda ev telefonlarının ləğvi gözlənilmir:

"Uzunmüddətli perspektivdə bu mümkündür. Ancaq yaxın illərdə belə bir addımın atılacağını düşünmürəm. Birincisi, ucqar ərazilərdə, kənd və rayonlarda internet əsaslı rabitə hələ kifayət qədər inkişaf etməyib, infrastruktur tam formalaşmayıb. Biz Bakıda yaşayanda elə təsəvvür yaranır ki, ölkənin hər yeri eyni səviyyədədir. Amma belə deyil. İkincisi, dövlət qurumlarında və müxtəlif müəssisələrdə stasionar telefonlardan hələ də geniş istifadə olunur və onlara tələbat qalır. Üçüncüsü isə, məsələ təhlükəsizliklə bağlıdır".
 


İqtisadçının sözlərinə görə, hazırda ənənəvi stasionar rabitə təhlükəsizlik baxımından müəyyən üstünlüklərini qoruyub saxlayır:

"Stasionar infrastruktur məlumatların ələ keçirilməsi baxımından daha etibarlı hesab olunur. İnternet əsaslı rabitə sistemlərində isə kibertəhlükələr və məlumatların oğurlanması riski daha yüksəkdir".

Xalid Kərimli hesab edir ki, yaxın gələcəkdə Azərbaycanda ev telefonları ilə bağlı ciddi dəyişiklik gözlənilmir:

"Hazırda insanlar əsasən mobil rabitədən istifadə edirlər. Bununla yanaşı, müxtəlif tətbiqlər vasitəsilə səsli və görüntülü zənglər də geniş yayılıb. Stasionar telefon istifadəçilərinin sayı azaldıqca bu infrastrukturun saxlanılması iqtisadi baxımdan çətinləşəcək. Çünki şəbəkənin istismarı üçün xərclər qalır, amma abunəçilərin sayı azalır".

Ekspertin fikrincə, ev telefonlarından tam imtina yalnız etibarlı və hər kəs üçün əlçatan alternativ rabitə infrastrukturu formalaşdıqdan sonra mümkün ola bilər.

Bahar Rüstəmli
--> -->