Xəbər lenti

Fransa seçkiləri: Solçular niyə qalib gəldi? (ŞƏRH)
Dünya 11:52 08.07.2024

Fransa seçkiləri: Solçular niyə qalib gəldi? (ŞƏRH)

"Le Penin ikinci turda məğlub olmasının əsas səbəbi onların miqrantlara qarşı tutduğu mövqe ilə bağlıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Fransada ötən bazar günü Milli Assambleyaya keçirilən seçkilərin ikinci turunun nəticələrini şərh edərkən deyib.

Politoloq bildirib ki, Fransada seçkinin ikinci turunda solçuların qalib gəlməsi gözlənilən idi:

"Çünki radikal millətçilərin hakimiyyətə gəlməsi ehtimalı Avropanı çox narahat edirdi. Radikal millətçilər Avropa Parlamentinə seçkilərdə əvvəlki illərə nisbətən xeyli güclənib. Almaniyanın bəzi ərazilərində də sözügedən qüvvələr qalib gəlib. Bu da Avropanı ciddi narahat edirdi. Görünür ki, bu səbəbdən Fransada ikinci turda radikal millətçilər əleyhinə olan qüvvələr müəyyən qədər toparlana biliblər. Le Penin ikinci turda uduzmasının əsas səbəbi onların miqrantlar, ideologiya ilə bağlı atacağı yeni addımların Fransada qarşıdurmaya gətirib çıxaracağı təhlükəsilə bağlı idi. Radikal millətçilər öz düşüncələrinin həyata keçirilməsi üçün təkamül yolunu deyil, inqilabı yolu seçdilər. Bu da Fransa cəmiyyətində narahatlıq yaratdı". 



Həmsöhbətimizə görə, ikinci turda solçuların qalib gəlməsində prezident Emmanuel Makronun yarıtmaz siyasəti də öz sözünü deyib:

"Makron dövlət başçısı kimi Fransanı pis günə qoyub". 

Politoloq bildirib ki, gələcək baş nazir üçün hökuməti formalaşdırmaq heç də asan olmayacaq:

"Yeni Xalq Cəbhəsinin 28 yaşlı liderinin radikal millətçilərlə koalisiyaya gedəcəyinə inanmıram. Hər halda, birinci yeri tutduqlarına görə, ölkənin baş naziri də solçuların nümayəndəsi olmalıdır. Amma koalisiya da mütləqdir".

Cümşüd Nuriyevin fikrincə, Makronun yarıtmaz siyasətinin nəticəsi olaraq bu seçkilərdən sonra Paris Avropadakı siyasi sükanı tam olaraq əldən verəcək:

"Ona qədər Avropanın siyasi sükanının Paris idarə edirdi. İndi isə onu itirirlər. Fransa bununla diplomatik dövlət statusunu itirdi. Fransa Avropanın adi dövlətlərinin birinə çevrilir".

Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərinin ikinci turunda Yeni Xalq Cəbhəsi solçu alyansı Fransa Milli Assambleyasına qalib gəlib. Onlar Milli Assambleyada 182 yer qazanıb. İkinci yeri 168 mandat qazanan "Birgə!” prezident koalisiyası tutur. Parlamentin aşağı palatasında üçüncü ən böyük fraksiya 143 yerlə Le Penin Milli Birlik Pariyası olacaq. Halbuki seçkilərin birinci turu radikal millətçilər olan Milli Birlik Partiyasının aşkar qələbəsilə bitmişdi. Le Penin partiyası bir həftə bundan qabaq səslərin 33.15 faizini qazanmışdı. 

Solçuların lideri Jak-Luk Melanşondur. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->