Rusiyada ermənilərə qarşı vuruşan jurnalistdən yeni açıqlamalar
“Türkiyədən iş təklifi var, amma mən artıq Türkiyəyə işləmək istəmirəm”
Türkiyənin "İhlas" agentliyinin keçmiş əməkdaşı, son aylar Azərbaycan-Ermənistan münaqişəsi şiddətlənən zaman Rusiya kanallarında ölkəmizin mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov artıq Bakıdadır. Musavat.com-un müxbiri ilə söhbətində F.Abbasov dedi ki, Azərbaycana üç günlük gəlib və sabah, yəni, aprelin 28-də mətbuat konfransı keçirəcək. “Rusiya televiziyalarında informasiya muharibəsi” adlı tədbir saat 12.00-də Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq: “Son aylarda Rusya ilə Türkiyə arasında meydana gələn siyasi və hərbi probləmlerden sonra iki ölkə arasında informasiya müharibəsinə də başlandı. Bu informasiya muharibəsinin dəvamı olaraq 2016-cı ilin aprel ayının əvvəlində başlanan Azərbayan və Ermənistan münaqişəsində də Rusiya mediası Azərbaycana qarşı çıxdı. Bütün bu hadisələri, informasiya savaşının iştirakçısı kimi sabahkı tədbirdə işıqlandıracam”.
F.Abbasov bildirdi ki, "İhlas" agentliyindən işdən çıxarılandan sonra Azərbaycandan hər hansı iş təklifi almayıb. Tanınmış jurnalist daha öncə “Yeni Müsavat”a verdiyi müsahibəsində Azərbaycandan iş təklifi gələrsə, qəbul edəcəyini demişdi: “Türkiyədən iş təklifləri var. Amma mən artıq Türkiyəyə işləmək istəmirəm”.
Xatırladaq ki, F.Abbasov Rusiya kanallarında məlum münaqişə ilə bağlı Azərbaycanın mövqeyini hərarətli şəkildə müdafiə etdikdən sonra çalışdığı agentlik tərəfindən işdən azad edilmişdi. İHLAS təmsilçiləri bunu F.Abbasovun “agentlik üçün qənaətbəxş olmayan fəaliyyəti” ilə əlaqələndirsələr də, jurnalist bunun arxasında Rusiyanın sifarişi olduğunu bildirmişdi.
Qaynarinfo.az