Xəbər lenti

Fuad Həbibov: "Cəmil Məmmədlini məhkəməyə verməyimizə səbəb..."
Ölkə07:51 24.05.2023

Fuad Həbibov: "Cəmil Məmmədlini məhkəməyə verməyimizə səbəb..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
23 may tarixində Qaynarinfo saytında Turan İnformasiya Agentliyininə istinadən "Xudat sakinləri jurnalist Cəmil Məmmədli üçün ölkə rəhbərliyinə müraciət etdi" başlıqlı material dərc olunub. 
Bir daha xatırladaq ki, Məmmədli uzun illərdir ölkənin şimal bölgəsində jurnalistika ilə məşğul olur. Əvvəllər "Azadlıq” radiosu ilə əməkdaşlıq edib, son illərdə müstəqil jurnalist kimi çalışır. Bir müddət öncə onu diffamasiya üzrə islah işlərinə məhkum ediblər. İddianı Quba rayonunun icra başçısı qaldırıb. Bu ilin əvvəlində isə ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb. Bundan əlavə, xuliqanlıq ittihamı ilə iş açılıb. Jurnalist bütün ittihamları rədd edir və hesab edir ki, təzyiqdə məqsəd onu susmağa məcbur etməkdir.
Jurnalist Cəmil Məmmədli barədə məhkəmə iddiası qaldıran Fuad Həbibov isə Məmmədlinin dediklərini qəbul etmədiyini bildirib.  
Xaçmaz rayon sakini Qaynarinfo-ya açıqlamasında məhkəməyə müraciət etməsinin səbəblərindən danışıb: 
"Mən və digər ailə üzvlərimin 2010-cu ildə qətlə yetirilmiş anamız - iş adamı Nəcimə Babayevanın ünvanına özünə məxsus "Facebook" səhifəsində heç bir əxlaq normalarına sığmayan ən ağır söyüşlər işlətdiyinə görə xüsusi ittiham qaydasında verdiyimiz şikayət üzrə Cəmil Məmmədli barəsində Xaçmaz rayon Məhkəməsi tərəfindən 13 aprel 2023-cü il tarixdə 2 il islah işləri cəzası hökmü çıxarılıb. Cəmil Məmmədlinin anamızı və bizi açıq şəkildə təhqir etməsinə səbəb isə onun vədlər verərək anamızın qətl işinin açılmasına kömək edəcəyi ilə bağlı yalanlarının tərəfimizdən ifşa edilməsi olub. Ayrıca olaraq bu xüsusatların araşdırılması üçün DİN-ə etdiyimiz şikayət, təqdim etdiyimiz sübutlar üzrə Cəmil Məmmədli barəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət məcəlləsinin 178.2 maddəsi üzrə cinayət işi açılıb və hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir".
Qeyd edək ki, Cəmil Məmmədli də öz növbəsində məhkəmə qərarı ilə razı deyil və qərardan apelyasiya şikayəti verib. Şikayətə mayın 30-da Sumqayıt Apellyasiya məhkəməsində baxılacaq.