Füzuli rayonunun Qarabağ kənd orta məktəbində Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə "Məcburi köçkün məktəblərində sülh üçün incəsənət” layihəsi icra edilib.
Layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir. İcra müddəti 6 ay olan layihənin məqsədi məcburi köçkün məktəblərində sosial birliyin gücləndirilməsindən ibarət olub.
Layihənin icrası şagirdlərin arasında baş verə biləcək münaqişələrin azalmasına, onlar tərəfindən müxtəlifliklərin, eləcə də fərqli mədəniyyətlərin qəbul olunmasına, tolerant davranışların gücləndirilməsinə xidmət edib.
İlkin mərhələdə Füzuli rayonunun Qarabağ, Əhmədbəyli, Üçbulaq, Mahmudlu kənd tam orta məktəblərində və Zobucuq qəsəbə 26 nömrəli tam orta məktəbində təhsil alan 48 nəfər 8-14 yaşlı şagirdlər üçün "Sülh mədəniyyəti” mövzusunda təlimlər keçirilib, 8 nəfər təhsilverən arasında seminar təşkil edilib, onlara mövzu ilə əlaqəli metodiki vəsaitlər təqdim edilib.
Təlimdə iştirak edən şagirdlərin bir qrupu ilə tamaşa hazırlanıb, səhnələşdirilən tamaşa rayonun digər şagirdləri arasında sülh mədəniyyətinin təbliği məqsədilə nümayiş edilib.