Xəbər lenti

Füzuliyə müntəzəm avtobus marşrutu açılır
Ölkə13:12 20.06.2022

Füzuliyə müntəzəm avtobus marşrutu açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Vətəndaşlarımızın işğaldan azad edilmiş Füzuli və digər ərazilərə səfərlərinin təşkilini ilk təklif edənlərdən biri olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən Füzuliyə avtobus reyslərinin açılmasını eşitmək çox xoş oldu. Çünki, bizim yaşlı insanlarımız var ki, onlar da gedib həmin yerləri görməyi arzu edirdilər. Bu səbəbdən də biz bir neçə dəfə hökumətin razılığı və nümayəndə heyətinin iştirakı ilə gedib uyğun marşrutları seçdik. Sevindirici haldır ki, qısa müddətdə bu məsələ öz həllini tapdı və insanlarımız 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımıza səfər edəcəklər”.
Bunu "Report"a açıqlamasında DANX tərəfindən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunun istifadəyə verilməsi məsələsini şərh edən AMEA-nın İqtisadiyyat İnstitutunun nəzdində Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri Akif Musayev deyib.
A.Musayev hesab edir ki, Azərbaycan Prezidentinin ölkə vətəndaşları, xüsusən də füzulilər üçün yaratdığı şərait onlar tərəfindən təqdir edilməlidir.
"İnsanlarımıza tövsiyə edərdim ki, ən vacib məsələ olan təhlükəsizlik məsələlərinə diqqət yetirsinlər. Orada bizim çoxlu gizlədilmiş "düşmənlərimiz" var. Ona görə də qaydalara riayət etmək lazımdır. Müəyyən edilmiş marşrutdan kənara çıxmaq lazım deyil. Mən özüm Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA), polis əməkdaşlarının iştirakı ilə təxminən 5 dəfə Füzulidə olmuşam. İnsan o əraziləri görəndə heyrətə gəlir. Onlar neçə yüz hektarlarla ərazini zəbt edibmiş.
İndi dünyada çox hadisələr baş verir. Bu hadisələrin fonunda müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz o torpaqları aldı. Siz tarixə fikir versəniz görərsiniz ki, heç kim itirdiyi torpağı qaytara bilməyib. Amma bizim prezidentimiz, ordumuz, xalqımız bunu bacardı. Tam əminliklə deyirəm ki, onlar dünyada misli-bərabəri olmayan iş görüblər.
Məhz bunları biz qiymətləndirməyi bacarmalıyıq. Ona görə də səfərlər zamanı təhlükəsizlik və subordinasiya qaydaları mütləq qorunmalıdır. Azad edilmiş ərazilərdə bu gün dünyada ən müasir nə varsa o qurulacaq. Qısa desəm ən yüksək zəkanın nəticəsi olan zəka iqtisadiyyatı qurulacaq. Hansı ki, bizim Ali Baş Komandanımız 44 gündə belə bir mübarizə apardı və qalib gəldi.
Bir daha təkrar edirəm ki, Füzuliyə və digər azad edilmiş ərazilərə səfər edən insanlar sadaladığım vacib məsələlərə diqqət yetirməlidirlər”.
Fəaliyyəti və həyatı Füzuli ilə bağlı olan Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev isə hesab edir ki, DANX tərəfindən belə reyslərin təşkili ölkə başçısının azad olunmuş ərazilərlə bağlı apardığı məqsədyönlü siyasətinin tərkib hissəsidir:
"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və tarixi torpaqlarımıza Böyük Qayıdışın əsası qoyuldu. Bu gün işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun qurulması, doğma yurdlarına qayıtmaq istəyən vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindən biridir.
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. Bu istiqamətdə görülən işlər çərçivəsində vətəndaşların mərhələli şəkildə həmin ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərə avtobus marşrutları açılır.
Sevindirici haldır ki, artıq Füzuli şəhəri və ətraf kəndlərə də səfərlər təşkil olunur. Torpaqların işğaldan azad olunması sevinci ilə öz dədə-baba torpaqlarına getmək, öz yurdlarına baş çəkmək istəyən vətəndaşların sayı artıb.
Lakin bu ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənib.
Nəzərə alsaq ki, yaxın zamanlarda hətta ANAMA əməkdaşları da işğal olunmuş ərazilərdə xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışından xəsarət alıb. Məhz buna görə də vətəndaşları son dərəcədə diqqətli olmağa və həmçinin yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülərin mina təhlükəsizliyinə dair təlimlərini diqqətlə dinləməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq”.
Qeyd edək ki, Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-dən etibarən Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilir.
Reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.
Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar iyunun 17-dən etibarən www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn bilet almaq mümkündür.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Müəyyən imtiyazlı şəxslərə bu istiqamət üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi əlilləri aiddir.
Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə sərnişindaşımanı həyata keçirəcək sürücüləri ANAMA mina təhlükəsizliyinə dair təlimlərə cəlb edib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.
Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək.
Daşımaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtobusları Daxili İşlər Nazirliyinin yol-patrul xidməti avtomobillərinin ekipajları müşayiət edəcək. Həmçinin avtobuslarda polis əməkdaşlarının olması da nəzərdə tutulub.