Ötən gecə Bakı Metropolitenin Memar Əcəmi stansiyasında sərnişinlər çətin vəziyyətdə qalıblar.
Qatar gözləyən sərnişinlərdən birinin ANS PRESS-ə verdiyi məlumata görə, saat 22.45 radələrində 15 dəqiqədən artıq müddət Memar Əcəmi - Həzi Aslanov istiqamətində qatarların hərəkəti dayandırılıb.
Onun sözlərinə görə, bu müddət ərzində yalnız Memar Əcəmi-Bakmil istiqamətində qatarların hərəkəti var. Bu qatarlar da iş vaxtı bitdiyi üçün depoya gedirlər.
Şahidin dediyinə görə, artıq sərnişinlər arasında narazılıq yaranmağa başlayıb və hətta bir neçə sərnişin narazılıqlarını bildirib. Nəzarətçilərdən biri isə sərnişinləri sakitləşdirmək üçün problemin tezliklə həll olunacağını bildirib.