Gənc fəallar yanvarın 12-də “Əsgər ölümlərinə SON”, yanvarın 26-da isə İsmayıllı və “Binə” hadisələri zamanı polis zorakılığına etiraz olaraq “Silahı üstümüzdən çəkin” şüarı ilə aksiya keçirmişdilər. Bakıda keçirilən aksiyalara “Facebook” sosial şəbəkəsindən çağırış edilmişdi.
Yaxın zamanlarda bu tipli aksiyalar gözlənilirmi? “Media forum” saytı bu sualla “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşad Həsənova, Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədliyə və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıya müraciət edib. Rəşad Həsənov:
- Adətən yanvar və fevral aylarında ictimai-siyasi passivlik müşahidə olunur. Amma bu il yanvar çox gərgin keçdi, fevralda da gərginlik var. Mart ayında isə bir qayda olaraq fəallıq artır və gözlənilir ki, bu il də aktiv keçsin. Yeni aksiyalar barədə müzakirələr gedir, amma hələ ki, konkret qərar verilməyib.
Əhəd Məmmədli:
- Təbii ki, aksiyalar olacaq və artan xətt üzrə davam edəcək. Aksiyaların məzmunu ölkədə baş verən hadisələrdən və hakimiyyətin həmin hadisələrə reaksiyasından asılı olacaq. Digər gənclər təşkilatları ilə müzakirələr aparır, məsləhətləşirik. Ortaq qərarlar verib birgə addımlar atacağıq.
Biz Müsavat Partiyası olaraq da aksiyalar keçirəcəyik və seçki ilində ölkənin demokratikləşməsi tələbini irəli sürəcəyik. Əbülfəz Qurbanlı:
- Bizim tələblərimiz yerinə yetirilmədiyi üçün, təbii ki, aksiyalar davam edəcək. Hələ ki, konkret vaxt müəyyənləşdirməmişik. Yeni aksiyalarda hakimiyyətə hansı tələblərin qoyulacağı haqda dəqiq fikir deyə bilməyəcəm.
Bakıda əsgər ölümlərinə qarşı keçirilən aksiyada saxlanılan 7 nəfər üst-üstə 3800 manat cərimə olunub, “Silahı üstümüzdən çəkin” şüarı ilə keçirilən etiraz aksiyasında saxlanılanlardan bloqçu Emin Milli 15 sutka, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı 13 sutka, AXCP Gənclər Komitəsinin üzvü Türkel Azərtürk 13 sutka müddətinə inzibati həbs cəzası alıb, 20 nəfər isə ümumilikdə 14 min 700 manat cərimələnib.