
Karyera qurmaq, cəmiyyətin aparıcı liderlərindən birinə çevrilmək, gözəl nitqə, nüfuzetmə qabiliyyətinə, kollektivlərin idarə edilməsi və PR-ın təşkili texnologiyalarına yiyələnmək istəyən xanımlar üçün yeni layihəyə start verilir.
Qaynar.info-nunj xəbərinə görə, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi “Qadınlar karyeraya doğru: özünü ifadə etmək mədəniyyətinin formalaşdırılması” layihəsı çərçivəsində Qərbin ən müasir texnologiyalarını tətbiq etməklə ölkənin gənc xanımları üçün interaktiv təlimlərə başlayır.
Peşəkar təlimçilərin və yardımçı vasitələrin köməyilə, gənc xanımlara «Karyera quruculuğu: liderlik, natiqlik, nüfuzetmə, kollektivlərin idarə olunması və PR-ın təşkili» mövzularında interaktiv təlimlər keçiləcək. Onlara karyera qurmaq üçün başlanğıc planların qurulması, auditoriyalar və videokameralar qarşısında mesajların verilməsi, nüfuzetmə nitqlərinin hazırlanması da öyrədiləcək. Cəmi 6 təlimdən sonra iştirakçılar müstəqil surətdə özlərinin “Uğur layihəsi”ni tərtib etməyi bacaracaqlar. Bu yolda onlara ölkədəki tanınmış, müxtəlif sahələr üzrə karyera qurmağa nail olmuş xanımlar da istiqamət verəcəklər. Eyni zamanda iştirakçıların Avropa ölkələrində karyera qurmuş xanımlarla skayp vasitəsilə bu istiqamətdə fikir mübadiləsi aparmaq imkanları da yaradılacaq. Sonda layihə iştirakçıları ictimaiyyətə təqdim olunacaq və onlara kursu bitirməklə bağlı sertifikatlar təqdim ediləcək.
Bu layihənin həyata keçirilməsində məqsəd gənc xanımlara karyera qurmağın sirrlərini öyrətmək, bununla da onların inkişafına nail olmaq, onları ölkənin ictimai-siyasi həyatında peşəkar səviyyədə iştiraka istiqamətləndirməkdir.
“Qadın Liderliyi Uğrunda” İB sözügedən təlimlərdə iştirak etmək istəyən gənc xanımları məmnuniyyətlə dəvət edir. İştirak etmək istəyənlər aşağıdakı e-maillər və telefonlar vasitəsilə təşkilatçılara müraciət edə bilərlər: e-mail: [email protected], [email protected], telefonlar: (050) 337 80 71, (012) 571 30 67.
Təlimlər Bakı şəhəri üzrə bu ilin iyun ayında, Zaqatala və Qax rayonlarında isə iyul və avqust aylarında keçiriləcək. İştirak etmək istəyənlərə müraciət üçün tələsmələri tövsiyyə edilir. Vaxt və müvafiq qruplar üzrə yerlər məhduddur.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilir.
Qaynar.info