Gəncədə kütləvi dava baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, yaralananlar var.
Qaynarinfo xəbər verir ki, şəhər ərazisində kütləvi dava zamanı "5 açılan" silahdan açılan atəş nəticəsində 1980-ci il təvəllüdlü Bayramov Əli ölüb.
Daha iki nəfər - Bayramov Kamal (1986) və Niyazi Bayramov (1994) bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin tərəflər arasında olan borc pul üstdə baş verdiyi deyilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi hadisə ilə birgə məlumat yayıb
Bildirilib ki, aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K.Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.