
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoydu.Ulularımızdan bizə yadigar qalan,milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibəti ilə Gəncədə ümumşəhər şənliyi keçirilib.
Azərbaycan xalqının qədim və milli bayramı olan “Novruz bayramı”na həsr edilən şənliyə Gəncənin girişində yerləşən “Qala kompleksi”ndən başlanılıb.
Tədbirdə bayram tonqalı çatılıb, rəqs kollektivləri tonqal ətrafında dövrə vuraraq rəqs ediblər. Kosa və keçəlin düzlü-məzəli çıxışları isə şənliyə xüsusi rəng qatıb. Gəncə Musiqi Kollecinin xor kollektivinin ifası da alqışlarla qarşılanıb.
“Qala kompleksi” önündə Gəncənin görkəmli şəxsiyyətlərinin obrazları canlandırılıb. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavadxan rəmzi olaraq gəncəliləri “Novruz bayramı” münasibəti ilə təbrik edib. Daha sonra “Qala kompleksi” ilə tanışlıq olub.
El şənliyi Gəncənin Cavad xan küçəsində davam etdirilib. Burada da xalqımızın əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri özündə birləşdirən səhnələr, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş etdirilib. Rəsm sərgisi bayram tədbirinin iştiakçıları tərəfindən maraqla qarşılanıb. Qədim el adəti yada salınaraq yumurta döyüşdürülüb.
Xalq mahnıları, rəngarən rəqslər maraqla qarşılanıb. Xalq tətbiqi sənət nümunələri, əl işlərindən ibarət sərgilərə baxış keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Bahar bayramı”münasibəti ilə gəncəliləri təbrik edərək onların hər birinə can sağlığı, ailə səadəti arzu edib. İcra başçısı barışıq və dostluq bayramı olan “Novruz”un Azərbaycan xalqına uğur, bol ruzi bərəkət gətirməsini arzulayıb.
Tədbirdə “Məhsəti” meydan tamaşası da nümayiş etdirilib. Tamaşada Məhsəti Gəncəvinin Gəncənin görkəmli şəxsiyyətləri ilə görüşü. Onlarla söhbəti canlandırılıb. El şənliyində dirədöymə, xoruz döyüşdürmə və digər qədim oyunlara da tamaşa edilib. Daha sonra şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhər sakinləri bayram süfrəsi arxasında əyləşərək milli mətbəximizin ləziz təamlarından dadıb.
Qaynar.info




