
Martın 31-də Gəncədə «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis saxlayıb.
Bu barədə "Azadlıq" radiosuna onun oğlu Azər Hüseynli məlumat verib:«Mən hazırlıqdan çıxmışdım. Qohumlar mənə xəbər verdilər ki, atamı saxlayıblar. İndi bilmirik hansı polis idarəsinə aparılıb. Bizim bundan başqa məlumatımız yoxdur».
Həsən Hüseynlinin özü saxlanmazdan bir saat əvvəl AzadlıqRadiosuna ona qarşı təxribatlardan danışıb: «Mərkəzi Poçta yaxınlaşanda, 35-40 yaşlarında paltoda, qalstukda bir adam mənə yaxınlaşdı ki, sən niyə mənim ayağımı tapdaladın? Ağır sözlər də dedi. Sinəmdən tutub aşağı çəkdi. Məəttəl qaldım. Onu ilk dəfə idi görürdüm, hələ deyir ki, məni niyə yıxırsan? Maşının o biri tərəfindən də bir qadın yaxınlaşdı ki, siz niyə onu dartırsınız? Hiss elədim ki, bu, mənə qarşı provokasiyadır. Durduğum yerdə kim yaxınlaşar ki?».
Gəncə polisi Həsən Hüseynli adlı şəxsin saxlanmasını təkzib edir. «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.
Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.
Qaynar.info