Xəbər lenti

Gənclər həbsxanasında gənclər şəhəri
Ölkə12:48 26.11.2013

Gənclər həbsxanasında gənclər şəhəri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elkin Xəlilov

Bu günlərdə belə bir xəbər oxudum: "Gəncə şəhəri Avropanın Gənclər Paytaxtı seçilib". Belə baxanda sevindirci xəbərdir. Ölkəmizin tarixi bir şəhəri Avropanın gənclər şəhəri elan edilir. Ən azı ona görə ki, Avropada ölkəmizi tanımayan bir-iki adamın bundan xəbəri olacaq. Bunun xeyri var, nəinki, ziyanı. İstəyirsən sevinəsən, ortaya bir şeylər çıxır. Amma, ancaq, lakin... 

Həmin gün həm də bu ölkənin ən savadlı, aydın, gələcəyin ümidli gəncləri olan 8 gəncin məhkəməsi idi.

Bədii dillə desək, dünən Azərbaycan gəncliyinin məhkəməsi idi. Belə bir gündə ölkəmizin bir şəhəri Avropanın Gənclər Paytaxtı elan olundu. Adam bir siqaret yandırıb, tüpürmək istəyir hər şeyə. Bir ölkənin 8 aydını balaca bir qəfəsdə saxta ittihamlarla həbsdə yatarkən, bir şəhərimiz gənclər paytaxtı elan olunur. O gənclər ki, sabahın ümidləridir. O gənclər ki, bu ölkənin yükünü öz çiyinlərinə götürüblər. O gənclər ki, hər şeydən imtina edib, yalnız mübarizənin əzablarını seçiblər.

8 gənci həbsə atmaq, minlərlə gənci qorxu içində saxlamaq, addımbaşı repressiya maşınını işə salıb, "biz deyəni deyin, yoxsa siz də ora düşə bilərsiniz" deyən bir hakimiyyətin idarə etdiyi ölkədə gənclər şəhərimi olar? Yox olmaz! Bu, mümkün deyil. Sən Rəşadət Axundovu öz oğlundan ayrı sal, sən Zaur Qurbanlını əməliyyat olunacaq anasının yanından ayrı sal, sən Rəşad Həsənov, İlkin Rüstəmzadə və Üzeyr Məmmədlini, Bəxtiyarı, Məhəmmədi, hələ 18 yaşı indi olan Şahin Novruzovu həbsə at, sonra denən ki, mənim ölkəmin Avropaya layiq gənclər şəhəri var. 

Kürdəxanı türməsi gənclər həbsxanası ikən, Gəncə Avropanın Gənclər Paytaxı olsun. Bax bunlara görə sevinmək olmur. Bacarmırsan, içdən gəlmir sevinmək! Hər dəfə balaca kamerada günahsız yerə saxlanılan o gənclər gəlir gözlərinin önünə. Ağrıdır adamı! Başa düşürsüz, ağrıdır. 

İndi başa düşərsiniz niyə sevinə bilmirəm. Nə qədər ki, o gənclər həbsdədir, bu ölkənin gənclər paytaxtı məhz ora olacaq - Kürdəxanı!