Xəbər lenti

Gənclərin məhkəməsi: Rəşad Həsənov ifadə verməkdən imtina etdi
Ölkə09:56 25.12.2013

Gənclərin məhkəməsi: Rəşad Həsənov ifadə verməkdən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatı üzvlərinin cinayət işi üzrə prosesi davam etdirib. 

“Azadlıq” radiosunun məlumatına görə, “Nida” hərəkatından Rəşad Həsənov ifadə verməkdən imtina edib. Bundan sonra onun istintaqa verdiyi ilkin ifadələri elan olunub. Həmin ifadəsində Rəşad Həsənov qeyd edir ki, evində tapıldığı iddia olunan əşyaların heç biri ona məxsus deyil və irəli sürülən ittihamları da qəbul etmir.

Rəşad Həsənov prokuror və vəkillərin suallarını cavablandırıb. Məhkəmə dekabrın 26-da davam edəcək.

Bu ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırır. İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Gənclərin bir neçəsinə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da verilib.

“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi də “Nida”çıların işi ilə birləşdirilib. İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb, sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Qaynar.info