Xəbər lenti

Gənclərin və qadınların ictimai işlərə cəlbi - Bu istiqamətdə hansı nələr edilməlidir?
Ölkə 13:53 10.07.2026

Gənclərin və qadınların ictimai işlərə cəlbi - Bu istiqamətdə hansı nələr edilməlidir?

(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb) 
 
Gənclərin və qadınların vətəndaş cəmiyyətində fəal iştirakı cəmiyyətin inkişafında mühüm rol oynayır. Onların liderlik bacarıqlarının artırılması, qərarvermə proseslərində daha fəal təmsil olunması və ictimai təşəbbüslərə cəlb edilməsi bu sahənin əsas prioritetlərindən hesab olunur. Bununla yanaşı, gənclərin və qadınların QHT-lərdə fəaliyyətinə mane olan amillərin aradan qaldırılması da aktual məsələlərdəndir.
 
Bəs bu istiqamətdə hansı addımlar atılmalı, maneələrin aradan qaldırılması üçün hansı mexanizmlər tətbiq edilməlidir?

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai Qaynarinfo-ya açıqlamasında bildirib ki, vətəndaş cəmiyyətinin dayanıqlı inkişafı üçün gənclərin və qadınların iştirakçı olmaqla yanaşı, qərarverici və lider mövqelərdə təmsil olunması da olduqca vacibdir. Bu gün onların potensialı kifayət qədər yüksək olsa da, həmin potensialın sistemli şəkildə üzə çıxarılması üçün yeni yanaşmalara ehtiyac var:

"İlk növbədə, gənclər və qadınlar üçün vətəndaş cəmiyyəti liderliyi üzrə uzunmüddətli inkişaf proqramları yaradılmalıdır. Bu proqramlar təkcə nəzəri biliklərlə məhdudlaşmamalı, strateji planlaşdırma, layihələrin idarə olunması, maliyyə dayanıqlılığı, ictimai kommunikasiya, rəqəmsal bacarıqlar, komanda idarəçiliyi, beynəlxalq əməkdaşlıq və ictimai vəkillik kimi istiqamətləri də əhatə etməlidir. Mentorluq proqramlarının tətbiqi, təcrübəli QHT rəhbərləri ilə yeni liderlər arasında əməkdaşlığın qurulması, regionlardan olan gənclər və qadınlar üçün xüsusi inkişaf platformalarının yaradılması da mühüm əhəmiyyət daşıyır”.
 


Sədrin sözlərinə görə, bununla yanaşı, gənc liderlər üçün kiçik qrant müsabiqələri, könüllülükdən liderliyə keçidi təşviq edən inkişaf mexanizmləri və beynəlxalq təcrübə mübadiləsi proqramları genişləndirilməlidir:

"Bu təşəbbüslər gənclərin və qadınların öz ideyalarını həyata keçirməsinə, cəmiyyət üçün faydalı layihələr hazırlamasına və gələcəyin vətəndaş cəmiyyəti liderləri kimi formalaşmasına imkan yaradacaq”.

QHT-lərin qarşılaşdığı problemlərdən danışan birlik sədri qeyd edib ki, bu gün gənclərin və qadınların QHT-lərdə və ictimai təşəbbüslərdə fəal iştirakına mane olan bir sıra amillər də mövcuddur:

"Əsas problemlərdən biri vətəndaş cəmiyyəti haqqında məlumatlılığın kifayət qədər olmaması, xüsusilə regionlarda inkişaf imkanlarına çıxışın məhdudluğu və təcrübə çatışmazlığıdır. Qadınlar üçün ailə-məişət məsuliyyətinin böyük hissəsinin onların üzərinə düşməsi, stereotiplər və qərarvermə proseslərində kifayət qədər təmsil olunmamaları da mühüm maneələrdəndir. Gənclər isə çox zaman təşəbbüslərinin dəstəklənməyəcəyini düşündükləri üçün passiv mövqe tuturlar.

Bu maneələrin aradan qaldırılması üçün dövlət qurumları, QHT-lər, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Məktəblərdə və ali təhsil müəssisələrində vətəndaş cəmiyyəti və ictimai iştirakçılıq mədəniyyətini təşviq edən proqramlar həyata keçirilməli, gənclər erkən yaşlardan sosial məsuliyyət və könüllülük fəaliyyətinə cəlb olunmalıdır. Regionlarda fəaliyyət göstərən QHT-lərin institusional inkişafına daha çox dəstək verilməsi, qadın və gənclərin rəhbərlik etdiyi təşəbbüslər üçün qrant imkanlarının artırılması, mentorluq və şəbəkələşmə platformalarının genişləndirilməsi də vacib addımlardandır”.

Həmsöhbətimiz hesab edir ki, gənclərə və qadınlara etimad göstərildikcə, onların ideyalarına investisiya qoyulduqca və inkişaf imkanları yaradıldıqca vətəndaş cəmiyyəti daha güclü, çevik və innovativ olacaq:

"Çünki güclü vətəndaş cəmiyyəti yalnız təcrübəli liderlərlə deyil, həm də yeni nəslin enerjisi, qadınların təşəbbüskarlığı və müxtəlif baxışların vəhdəti ilə formalaşır. Bu istiqamətdə atılacaq hər bir addım ölkəmizdə ictimai iştirakçılığın genişlənməsinə, sosial həmrəyliyin möhkəmlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək”.
 
Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->