Xəbər lenti

Radikal addım:
Dünya 15:19 10.07.2026

Radikal addım: "Volkswagen" model sırasını iki dəfə azalda bilər

"Volkswagen” konserni yaxın tarixinin ən iri transformasiya proqramlarından birini elan edib. Şirkətin açıqlamasına görə, bu dəyişiklik model sırasının 50 faizə qədər ixtisar olunmasına səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, Qərb KİV-ləri bu planı şirkətin son illərdə atdığı ən radikal addımlardan biri kimi qiymətləndirir. Hazırda istehsaldan çıxarılacağı dəqiqləşdirilən modellərin sayı isə məhduddur. "Volkswagen Touareg” və "Volkswagen Touran” modellərinin istehsalı dayandırılıb, "Volkswagen T-Roc Convertible” kabrioletinin istehsalı isə 2027-ci ildə başa çatacaq.

Konsernin digər markalarında da model sırasının optimallaşdırılması davam edir. "Audi” bu yaxınlarda kompakt "A1” hetçbeki və subkompakt "Q2” krossoverinin istehsalını dayandırıb. Bundan əvvəl isə şirkət "TT”, "R8” və elektrik mühərrikli "Q8 e-tron” modellərini istehsaldan çıxarmışdı.

Ötən ilin oktyabrında "Porsche” "718 Boxster” və "718 Cayman” idman avtomobillərinin istehsalını başa çatdırıb. Bu ayın sonunda isə "Macan” modelinin ilk nəsli də istehsaldan tam çıxarılacaq.

Model sırasının azaldılması ilə yanaşı, "Volkswagen” məhsul çeşidinin mürəkkəbliyini 75 faiz azaltmağı planlaşdırır. Bu çərçivədə avtomobillərin komplektasiya və texniki modifikasiya variantlarının sayı əhəmiyyətli dərəcədə ixtisar ediləcək.

Şirkət istehsal güclərini də bazardakı tələbat səviyyəsinə uyğunlaşdırmağı planlaşdırır. Pandemiyadan əvvəl ildə təxminən 12 milyon avtomobil istehsal edən konsern gələcəkdə illik istehsalı təxminən 9 milyon avtomobil səviyyəsində saxlamağı hədəfləyir.

Avropanın ən böyük avtomobil istehsalçısı hazırda ciddi çətinliklərlə üzləşib. Şirkətin idarə heyəti və müşahidə şurası üzvləri arasında keçirilmiş daxili sorğunun nəticələrinə əsasən, rəhbərlik mövcud vəziyyəti ciddi risk kimi qiymətləndirir.

İdarə heyətinin doqquz üzvündən altısı konserndəki vəziyyətin şirkətin fəaliyyəti üçün ciddi təhlükə yaratdığını bildirib. Qalan üç üzv isə vəziyyəti gərgin kimi qiymətləndirib.

Bu narahatlığın iqtisadi əsasları da var. "Deutsche Welle”nin məlumatına görə, ötən ilin yekunlarına əsasən "Volkswagen AG”nin vergidən sonrakı xalis mənfəəti əvvəlki ildəki 12,4 milyard avrodan 6,9 milyard avroya düşərək təxminən 44 faiz azalıb.

Mənfəətin azalmasının əsas səbəblərindən biri törəmə şirkət olan "Porsche”nin daxiliyanma mühərrikli avtomobillərin istehsal müddətini uzatmağa yönəlmiş yeni strategiyası nəticəsində yaranan əlavə xərclər olub. Bu amil ana konsernin maliyyə göstəricilərinə də mənfi təsir göstərib.

Bundan əlavə, Donald Tramp administrasiyasının tətbiq etdiyi ABŞ gömrük rüsumları da "Volkswagen”in gəlirliliyinə milyardlarla avro həcmində zərər vurub.

Mövcud çətinliklər fonunda Almaniya konserni yaxın illərdə dünya üzrə 100 minədək iş yerinin ixtisarını, orta müddətli perspektivdə isə Almaniyada dörd zavodun bağlanmasını nəzərdən keçirir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->