LGBTQ+ icmasının nümayəndələri üçün səyahətlər təşkil edən "Atlantis Events" turizm şirkəti tərəfindən icarəyə götürülmüş "The Scarlet Lady" kruiz laynerinin Misir limanına daxil olmasına icazə verilməyib.
Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, bu hadisə Türkiyənin də bir neçə gün əvvəl gəminin öz limanlarına girişinə icazə verməməsindən sonra baş verib.
Təxminən 2 min sərnişin limanda dayanmanın ləğv edildiyini səhər saatlarında kajutlarının qapısının qarşısında rəsmi bildiriş gördükdən sonra öyrənib. Misir tərəfi qərarın səbəbini açıqlamayıb.
"Atlantis Events" şirkətinin prezidenti və baş icraçı direktoru Riç Kempbell bildirib ki, bu xəbər həm şirkət, həm də turistlər üçün gözlənilməz olub. Onun sözlərinə görə, səhər tezdən operatorlara "The Scarlet Lady" gəmisinin Misirin ərazi sularına daxil olmasına icazə verilməyəcəyi bildirilib və buna görə İsgəndəriyyəyə planlaşdırılan səfər ləğv edilib.
Kempbell qeyd edib ki, bir çox sərnişin məhz bu marşrut dayanacağını səbirsizliklə gözləyirdi. O xatırladıb ki, şirkət ötən il eyni kruizi heç bir problem olmadan həyata keçirib və buna görə də hazırkı qərar gözlənilməz olub. Onun sözlərinə görə, "Atlantis Events" və "Virgin Voyages" komandaları İsgəndəriyyədə dayanmanın baş tutması üçün bütün mümkün səyləri göstəriblər.
Misir LGBTQ+ turistləri üçün xüsusi təşkil edilmiş Afina-Venesiya kruizi zamanı Türkiyənin layneri qəbul etməkdən imtina etməsindən sonra növbəti dayanacaq olmalı idi. Gəmi iyulun 5-də səfərə çıxıb və Egey dənizi sahilindəki Kuşadası kurort şəhərinə, eləcə də İstanbula getməli idi. Lakin Türkiyə tərəfi bildirib ki, layner cəmiyyətin quruluşuna və ölkənin mənəvi dəyərlərinə uyğun gəlməyən qruplar tərəfindən icarəyə götürülüb.
Açıqlamada həmçinin qeyd olunub ki, planlaşdırılan səfər cəmiyyətdə böyük rezonans doğurub və buna görə yerli hakimiyyət belə tədbirin keçirilməsi ehtimalını istisna edib.
"Virgin Voyages" şirkəti bildirib ki, Misir hakimiyyətinin qərarından olduqca məyus olub. Qərar limana planlaşdırılan girişdən cəmi bir neçə saat əvvəl məlum olub. Şirkət vurğulayıb ki, ötən il eyni marşrut heç bir çətinlik olmadan həyata keçirilib. Lakin bu dəfə sərnişinlərin səyahətinin korlanmaması üçün layner Monteneqronun Kotor şəhərinə yollanacaq.
"The Scarlet Lady" gəmisində təxminən 2 min turist var. Onlardan təxminən 1100-ü ABŞ vətəndaşıdır, digərləri isə Böyük Britaniya, Avstraliya, Kanada və digər ölkələrdən gəlib.
Aydın
Şərhlər