Xəbər lenti

Qanundakı dəyişiklik sahibkarlara nə və edir? (ŞƏRH)
Ekonomiks 16:10 10.07.2026

Qanundakı dəyişiklik sahibkarlara nə və edir? (ŞƏRH)

"Qəbul edilən dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə aiddir və xaricdən əldə edilməli olan valyuta vəsaitinin ölkəyə gətirilməməsinə görə nəzərdə tutulan inzibati məsuliyyətin yumşaldılmasını nəzərdə tutur".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Ekspert bildirib ki, söhbət sahibkarın xaricə satdığı mala və ya göstərdiyi xidmətə görə əldə etməli olduğu xarici valyuta vəsaitini ölkəyə qaytarmamasına görə tətbiq olunan sanksiyalardan gedir:

"Hazırda bu inzibati xəta üzrə 30 faizdən 50 faizədək cərimə nəzərdə tutulur. Dəyişiklik məsuliyyəti tam ləğv etmir. Sadəcə, cərimənin yuxarı həddi 50 faizdən 30 faizə endirilir".
 


Əkrəm Həsənovun sözlərinə görə, əsas yenilik ondan ibarətdir ki, şəxs məhkəmə qərarı qanuni qüvvəyə minənədək xarici valyuta vəsaitini ölkəyə qaytararsa, inzibati məsuliyyətdən azad ediləcək:

"Hazırda qanunvericiliyə əsasən, müəyyən edilmiş müddət ərzində xaricdən əldə olunan valyuta vəsaiti ölkəyə qaytarılmalıdır. Bu baş vermədikdə Dövlət Gömrük Komitəsi inzibati xəta haqqında protokol tərtib edərək işi məhkəməyə göndərir. İndiyədək həmin vəsaiti sonradan qaytarsanız belə, öhdəliyi vaxtında yerinə yetirmədiyiniz üçün cərimələnirdiniz. Yeni dəyişiklik isə nəzərdə tutur ki, məhkəmənin qərarı qanuni qüvvəyə minənədək vəsait ölkəyə qaytarılarsa, şəxs inzibati məsuliyyətdən azad ediləcək. Bu, müsbət dəyişiklikdir".

İqtisadçı qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsində analoji vəziyyətlə bağlı hər hansı dəyişiklik edilməyib:

"430-cu maddəyə əsasən, xaricdən mal və ya xidmət alınması üçün köçürülmüş vəsaitə görə iki il ərzində nə mal ölkəyə gətirilərsə, nə də vəsait geri qaytarılarsa, 20 faiz məbləğində cərimə tətbiq olunur. Diqqət çəkən məqam odur ki, bu maddəyə heç bir dəyişiklik edilməyib. Halbuki burada da eyni hüquqi məntiq tətbiq olunmalı idi. 483-cü maddə xaricə satılmış mala görə ölkəyə daxil olmayan valyuta vəsaitinə aiddir və bu sahədə inzibati icraatı Dövlət Gömrük Komitəsi həyata keçirir. 430-cu maddə isə xaricə göndərilən vəsaitin qarşılığında nə malın ölkəyə gətirilməsi, nə də vəsaitin geri qaytarılması hallarını əhatə edir və bu istiqamətdə nəzarəti Mərkəzi Bank həyata keçirir. Hüquqi məntiq baxımından 430-cu maddəyə də analoji dəyişiklik edilməli idi".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->