
Üzeyir Cəfərov
Bu ay Azərbaycanda Silahlı Qüvvələrin yaradılmasının növbəti ildönümü qeyd ediləcək. Bildiyim qədər, bu münasibətlə möhtəşəm hərbi paradın keçirilməsi planlaşdırılır. Necə deyərlər, xeyirli olsun. İstəməzdim ki, bayram öncəsi bir qədər qanqaraldıcı, xoşagəlməyən mövzulara toxunam. Amma məcburam. Məni buna öz istəyim deyil, ordumuzun vacib bölmələrindən biri sayılan Naxçıvan Hərbi Birləşməsində baş verən bir sıra neqativ hadisələr məcbur edir.
Bu yazıda mətbuatın “qəhrəmanı” timsalında hansısa sıradan adi zabit və ya gizir deyil, birləşmənin komandiri olan, çiynində general-leytenant rütbəsini daşıyan Kərəm Mustafayev haqqında söhbət açmaq istərdim. Bəri başdan qeyd etmək istərdim ki, bu sətirlərin müəllifi kimi bizim cənab Mustafayevlə heç vaxt nə kin-küdurətimiz, nə də hansısa qərəzimiz olmayıb və yoxdur. Sadəcə, bu birləşmədə baş verən çoxsaylı xoşagəlməz hadisələr mətbuatın gündəmini məşğul etdikcə insanlarda bir qədər narahatçılıq doğurur.
Elə ötən həftə də ölkənin aparıcı qəzetlərdən biri olan “Yeni Musavat”qəzetində generalla bağlı çox ciddi və Milli Ordunun generalına yaraşmaz xoşagəlməz bir məlumat yer almışdı. Bu haqda bir qədər sonra danışacağam. Amma Naxçıvan Hərbi Birləşməsinin komandiri general-leytenant Kərəm Mustafayevin əməlləri təkcə məhkəmə qərarlarını icra etməmək, mülki şəxslərin əmlakını sökdürmək, qardaşı Nemət Mustafayevin birləşmə zabitlərinə qarşı yerində olmayan hərəkətləri ilə bitmir. Verilən xəbərlərdə generalın Naxçıvan səhərində 3 mərtəbəli ticarət mərkəzi tikdirdiyi bildirilir. Özü də burda işləyənlər sıravi fəhlələr deyil, hərbi xidmətini başa vurmağa 3 ay qalmış əsgərlər və çavuşlardır. Hələ bu azmış kimi, Kərəm Mustafayevin 1 saylı hərbi şəhərcikdə 5 mərtəbəli binanın tikintisində də əsgərlərin əməyindən qeyri-qanuni istifadə etdiyi bildirilir.
Ötən illərdə Naxçıvan Hərbi Birləşməsi ilə bağlı çoxlu sayda faktlar dərc edilmişdi. Bura, məcburi şəkildə əsgər və çavuşların çuğundur yığımına cəlb edilmələrindən tutmuş, ta birləşmə zabitlərinin aylıq əmək haqlarının müxtəlif bəhanələrlə heç bir qanuni əsas olmadan kəsməsi halları da daxildir. Səsini çıxartmaq istəyən, hüquqlarını qorumağa çalışan zabit və giziri isə sözün əsl mənasında olmazın məşəqqətlər, məhrumiyyətlər gözləyir.
Birləşmənin yüksək rütbəli zabitlərindən Kamandar Cuvarov 2009-cu ildə, Şəfayət Rəsulov 2010-cu ildə, Azər Əliyev və Abdul Babayev 2011-ci ildə birləşmə komandirinin özbaşınalıqları səbəbindən müxtəlif xəstəliklərə düçar olmuşlar. Özü də bu zabitlərin hər biri ən azından polkovnik və polkovnik-leytenant rütbələrində olublar. Əfqanıstan, Qarabağ savaşının ən çətin sınaqlarından keçmiş bu zabitlər general Kərəm Mustafayevin qanunsuz əmr və göstərişlərinə etiraz etdiklərinə görə təqiblərə məruz qalmışlar.
Ən dəhşətlisi odur ki, zabitlərdən biri – polkovnik-leytenant Abdul Babayev həyatına qəsd etməyə cəhd göstərərək özünü asmışdı. Xoşbəxtlikdən, ətrafında olan insanların çevik hərəkətləri nəticəsində zabitin həyatını xilas etmək mümkün olmuşdu. Mən yalnız 3 nəfər yüksək rütbəli zabitin adını qeyd etdim. Amma, bu siyahını uzatmağa başlasaq, çox böyük bir siyahı alınar. Hazırda Naxçıvan Hərbi Birləşməsində yeni bir “xəstəlik” peyda olub: “Çantanı üstündə gəzdirmək xəstəliyi”. Zabit və gizirlərin əmək haqlarının kəsilməsi hesabına birləşmə komandiri Kərəm Mustafayev hər bir zabit və gizirə bir ədədi 15 manat olmaqla ümumi dəyəri 50 min manatdan çox olan bilgisayar çantaları aldırıb.
Maraqlıdır ki, Naxçıvan Hərbi Birləşməsində baş verənlər haqqında Müdafiə Nazirliyinə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, təsirli tədbirlər görülmür. Məlumata görə, hətta nazir müavini general-leytenant Çingiz Məmmədovun rəhbərliyi altında bu yaxınlarda Bakıdan gedən komissiya şikayət və müraciətləri araşdırmaq əvəzinə, tamam başqa işlərlə məşğul olmuşdur. Əməllərinin faş olunmaması üçün birləşmə komandiri nazir müavininə yaxşıca “diqqət, görüm-baxım edib”. Lüks istirahət, gen-bol yemək-içmək, daha nələr və nələr...
Bu bir faktdir ki, Kərəm Mustafayev özünü Naxçıvanda müdafiə naziri kimi aparır. Hətta onun mindiyi xidməti maşının nömrəsi müdafiə naziri Səfər Əbiyevin xidməti avtomaşınının nömrə nişanı ilə eynidir. Birləşmə komandiri ölkənin rəsmi bayram təqvimlərinə, günlərinə özü bildiyi kimi yanaşır. Zabit və gizirlərə heç bir istirahət, dincəlmək imkanları verilmir. İş o yerə çatıb ki, insanlara şəxsi avtomobillərindən istifadə etmək belə qadağan edilib. Adını da belə qoyublar ki, birləşmə ərazisində bu il bir neçə zabit, gizir və müddətdən artıq xidmət keçən çavuşlar avtoqəza törətmiş, aralarında ölən və yaralananlr olmuşdur. General şəxsi heyətə avtomaşınlardan istifadəni qadağan etməklə, hadisələrin sayını azaltmağa nail olacağını düşünür.
Ədalət naminə onu da qeyd etməliyik ki, Naxçıvan Hərbi Birləşməsində digər hərbi birləşmələrə nisbətən nizamnamədən kənar hallar və cinayət hadisələri azdır. Yeganə problem birləşmə komandiri general-leytenant Kərəm Mustafayevin özünü son dərəcə təkəbbürlü və bəzən də qanundan üstün tutması hallarıdır.
Yəqin ki, Müdafiə Nazirliyinin rəhbərliyi generalın qanunsuzluqları ilə bağlı yazdıqlarımız və hələ yazmadıqlarımızdan ciddi nəticə çıxaracaqlar.