
Tovuzun icra başçısının gündə ən azı iki dəfə gedib-gəldiyi yollar bu vəziyyətdədir
«Regionların Sosial İqtisadi İnkişafa Proqramıı» çərçivəsində büdcənin pullarını talayan rayon rəhbərlərinin əsas qazanc yerlərindən biri infrastrukturun qurulması prosesdir.
Qaynar.info jam.az-a istinadla xəbər verir ki, əksər rayonlarda daxili yolların çəkilməsi və ya yenidən asflatlaşdırılması isə sözün həqiqi mənasında milyonlarla manatın bir qələmdə silinməsinə şərait yaradıb.
Tovuzda da digər rayonlarda olduğu kimi, əsas qazanc mənbəyi yolların çəkilməsidir. Amma rayonun icra başçısı, generalın qardaşı Tofiq Zeynalov bu məsələdə bir qədər irəliyə gedərək, hətta hər gün şəxsən özünün gedib-gəldiyi yolun da asfaltından kəsib. Jam.az-ın apardığı araşdırmaya görə, rayonda əksər yolların vəziyyəti biabırçı gündədir. Hətta onların bir çoxu üçün milyonlarla manat vəsait ayrılsa da, maşınların keçməsi belə mümkünsüzə çevrilib.
Əksər yollarda əmələ gəlmiş iri çuxurlar isə sürücülərin canını boğaza yığıb. Üstəlik, yağış yağarsa, vəziyyət lap dözülməz şəkil alır. Çünki yol kənarlarına axıb gedə bilməyən yağış suları eləcə asfaltın ortasında yığılıb qalır. Nəticədə, iri göllər yaranır ki, bu da camaatın həmin yolları az qala qayıqla keçməsini şərtləndirmiş olur.
Qeyd edək ki, Tovuz rayonunda daxili yolların çəkilməsi üçün dövlət büdcəsindən son bir neçə ildə milyonlarla vəsait ayrılıb. Həmin pulların nəyə və necə xərcləndiyi isə elə çəkdiyimiz fotolardan da aydın görünür.
Yola nəzarət edən 25 saylı Yol İstismarı İdarəsi isə yalnız jurnalist görəndən görənə ərazilərdə peyda olur. Yolların vəziyyəti ilə əlaqədar müraciət etdiyimiz idarənin rəsmilərindən açıqlama almaq mümkün olmayıb. Yalnız çəkiliş apardığımız zamanı əraziyə gələn Yol Mühafizə Xidmətinin bölmə rəisi Qoca Abdullayev və onun işçisi Vilayət Quliyev isə deyib ki, onlarlıq bir şey yoxdur. Səbəbini də belə göstəriblər ki, yolu icra başçısı çəkdirib və keyfiyyətsiz olmasına onlar təminat vermək gücündə deyillər.
Qaynar.info











