
Müharibə vəziyyətində olan bir ölkədə “general” deyəndə, adətən, onun adının hansısa korrupsiyada və yaxud əsgər ölümünə biganəlikdə hallandığını görüb eşitmişik. Ona görə də generalları səngərdə görməyə, yəqin ki, alışmamışıq. Ekranlarda isə, yalnız Azərbaycan prezidentinin cəbhə bölgəsinə gedəndə onların sıraya düzülərək “pokazuxa” etdiyinin şahidi olmuşuq.
Və...
Birdən-birə hamı şokda!
Bir ayın müdafiə naziri general Zakir Həsənov kabinetində oturmur. Hətta, köməkcisinə dəfələrlə zəng vurmağıma baxmayaraq, “General cəbhə bölgəsindədir” - cavabından başqa bir kəlmə eşitmədim.
Nə baş verir?
Azərbaycan generalı, doğurdanmı, 20 ildən sonra kabinetdən çıxıb səngərin o tayından gələn barıtı qoxulamaq istəyir? İstəyibsə, onda bizə barıt qoxudanların vay halına. Yox, bu da kresloda rahat oturmaq üçün göstərilən bir tamaşadırsa, onda vay bizim və səngərdə oturan balalarımızn halına. Bunun üçün Zakir Həsənovun, doğurdan da, “bayevoy”, yoxsa “ştabnoy” general olmağına diqqət yetirmək lazımdır.
Zakir Həsənovu Dövlət Sərhəd Xidmətində qulluq etdiyi vaxtdan tanıyram. Reputasiyası hələ tam korlanmayan digər bir general Elçin Quliyevlə onun gerçəkləşdirdiyi uğurlu fəailiyyət Zakir Həsənovu general rütbəli Daxili Qoşunlar komandanı etdi. O isə öz növbəsində Daxili Qoşunları Azərbaycan Silahlı Qüvvələri sırasında ən döyüşkən və intizamlı qoşun növünə cevirdi. Yəni əsgərliyə övlad göndərən valideyinlərin min-bir hoqqa ilə oğlunu Daxili Qoşunlara saldırmaq istəyi də burdan yarandı. Bu nə demək idi? Bu o demək idi ki, valideyin öz övladını general Zakir Həsənova etibar edir.
Uzun illərin hərbi sahədə verilişlər çəkən bir jurnalisti kimi deyim ki, bu, 2000-ci ildə Elcin Quliyevin Sərhəd Qoşunlarına komandan qoyulmasından sonra ikinci hal idi. Zakir Həsənov Daxili Qoşunlara komandan təyin olunmazdan əvvəl əksər valideyinlər öz övladının Sərhəd Qoşunlarına düşməyinə çalışırdı. Çünki general Elçin Quliyev də əsgərini sevir və qoruyur.
Növbəti belə bir general Zakir Həsənov oldu. İndi generalın boynuna çox ağır yük qoyulub. Şan-şöhrəti və pulu çox olan bir quruma - Müdafiə Nazirliyinə rəhbər gəlib. O, bu qurumda ya çoxlu pul qazanıb kabinetdə “şan-şöhrət” qazanacaq, ya da sevdiyi əsgər üçün general olub büdcədən verilən pulu onlara yedizdirib, müasir texnika ilə təmin edib, təlib keçib torpaqları azad etməklə xalqın gözündə şan-şöhrətə layiq görüləcək.
Hələlik kabinetdən çox səngərlərdə əsgər inamını, hörmətini qazanmağa üstünlük verən general Zakir Həsənov müdafiə naziri postunu tutmağa layiq olduğunu təəssüfə çevirməyib. O, bir aya Ermənistan prezidentini Qarabağ torpaqlarına, erməni əsgərinə təsəlli verməyə gəlməyə məcbur etdisə, bu torpaqlardan qovub çıxardacağına da inam yaradır.
Şöhrət El-Dəniz