Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, prosesdə hazırda həbsdə olan zərərçəkən Cavidan Hacıyev də məhkəmədə sərbəst ifadə verib.
O, 2016-ci ildə "Texnikabank”dan 18 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunaraq 10 müddətinə azadlıqdan məhrum edilib. Sonradan cəzası 6 ilə qədər endirilib.
Cavidan Hacıyev bildirib ki, həbsinə qədər Türkiyədə biznes quraraq orada işləyib. Özünün "İnter Alyans” şirkətinin adından Türkiyədən və digər ölkələrdən Azərbaycana sement, sement xammalı gətirilməsi ilə məşğul olub.
2008-cu ilin noyabrından başlayaraq Rauf Kərimovla şərikli işləməyə başlayıb. Özünün və Rauf Kərimovun biznes fəaliyyətinin inkişafı üçün 2008-ci ilin dekabrında "Texnikabank” ASC-dən qeyd edilən şirkətlərin adından müvafiq girovları, eləcə də Rauf Kərimova məxsus "Bakı” mehmanxanasını girov qoymaqla 30 milyon manat məbləğində uzunmüddətli kredit götürüblər. 2012-ci ilin mart ayının ortalarında "Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunub.
2012-ci ilin mayında şəriki Rauf Kərimov MTN-ə çağırılıb. Onu çağıran həmin vaxt Baş İstintaq İdarəsinin şöbə rəisi olan Vüsal Ələkbərov olub. Sonradan onun özünü də Vüsal Ələkbərov MTN-ə çağırıb. Türkiyədən ölkəyə gələrək MTN-ə gedib. Vüsal Ələkbərovun çağırışı üzrə 2-3 ay ərzində hər gün onun qəbuluna gedib. Vüsal Ələkbərov hər gün onu və Rauf Kərimovu "Texnikabank” ASC-dən krediti necə, kimin vasitəsilə götürmələri, krediti nəyə xərclədikləri barədə soruşub. Uzun dindirmələrdən sonra Vüsal Ələkbərov Rauf Kərimovdan külli kiqdarda pul tələb edib:
"Vüsal Ələkbərov Raufa demişdi ki, hərəniz 500 min manat verin, sizi həbs etməyək. Biz razılaşmadıq. Çünki cinayətimiz yox idi. Vüsal Ələkbərov demək olar ki, hər gün MTN-ə çağırıb, 10-15 dəqiqə, gah da saatlarla gözlədib bizi 1 milyon manat pulu verməyə razı salmağa çalışırdı, hətta hədələyirdi. Hədəni artırmaqla razılığımızı almaq üçün 3-4 dəfə Təhsin Ağayevin otağına aparmışdı. Təhsin Ağayev də Vüsal Ələkbərova qoşulub hər dəfə bizə hədə-qorxu gəlir, israrla 1 milyon manat pulu vermək lazım olduğunu deyirdi. Təhsin Ağayev bu gün guya xəstədir, aradan çıxıb. MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı. Bir dəfə Təhsin Ağayev öz otağından Mövlam Şixəliyevə zəng vurdu, bunlar deyilən məbləği hələ düzəltməyiblər dedi. Bundan sonra Təhsin Ağayev dəfələrlə mənə zəng etdi, pulu hazırlayıb verməyi, rəhbərliyin xəbər gözlədiyini, əks halda bizi həbs edəcəklərini deyirdi. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayevlə və Vüsal Ələkbərovun tələbi ilə razılaşmağa məcbur olduq. Konkret olaraq pulu vermək istəmirdik. Razılıq verməzdən bir neçə gün əvvəl Təhsin Ağayev Vüsal Ələkbərovun otağından Raufu birbaşa Mövlam Şixəliyevin xidməti kabinetinə apardı. Onların söhbəti təxminən 15 dəqiqə çəkdi. Təhsin Ağayev Raufla birlikdə qayıdıb gəldi. Rauf mənə dedi ki, pulu düzəldib verməsək, axırımız yaxşı olmayacaq. Mövlamın sözlərini mənə çatdırdı. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbs etdirib çürüdəcəyəm. Ona görə də məcbur olub razılaşdıq. Biz Vüsal Ələkbərovdan pulu hissə-hissə vermək üçün vaxt istədik. O da razılaşdı. 2012-ci ilin sentyabr-noyabr ayları ərzində Rauf "Yunayted Kredit Bank” ASC-dən və "Atrabank” ASC-dən 500 min manat kredit götürdü.
Mən də sürücüm Elmir Muxtarovun adına "Atrabank”dan 200 min manat kredit götürdüm. Avtomobillərimi satmaqla 250 min manat, ümuilikdə 500 min manat düzəltdim. Vüsal Ələkbərov Rauf Kərimova zəng edib pulu istədi. Pulu MTN-nin poliklinikasının qarşısında Vüsal Ələkbərova verdik. İlk olaraq 200 min manat, ardınca 300 min manat, daha sonra iki dəfə 200 min manat verdik. Son dəfə Vüsalın tapşırığı əsasında Təhsin Ağayev bizdən pulu 100 min manat aldı.
2014-cü ildə Baş Prokurorluq "Texnikabank”la bağlı araşdırmalarla bizi istintaqa çağırdı. O zaman bildik ki, MTN-də bizim barəmizdə heç bir sənədləşmə aparılmayıb. Halbuki, Vüsal Ələkbərov bizi aylarla MTN-də dindirirdi, sənədləri imzalatdırırdı. Vüsal Ələkbərov, Təhsin Ağayev və Mövlam Şixəliyev yaxşı bilirdilər ki, bizim günahımız yoxdur. Ona görə bizi MTN binasına qeydiyyatsız girişimizi təşkil ediblər”.
Seyid