"Bakısığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Puta-Nəqliyyat-2” ASC ilə, vəkil İsmayıl Kəngərlini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
"Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manatdır.
"Puta-Nəqliyyat-2” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 117 566 AZN olan şirkətin qanuni təmsilçisi Hidayət Mustafayevdir.
İsmayıl Kəngərliyə gəlincə, o 2020-ci ildə Ədliyyə Nazirliyinin generalı Nürəddin Mustafayevin işdən çıxarılması ilə gündəmə gəlib. Həmkarı Adəm Məmmədov "Facebook” hesabında ədliyyə generalının işdən çıxarılmasına görə səbəb kimi İsmayıl Kəngərlini göstərib. Adəm Məmmədov bildirib ki, nazirliyin İcra baş idarəsinin rəisi olan Nurəddin Mustafayev bir işə görə 100 min manat rüşvət alsa da, icra etməyib və İsmayıl Kəngərli də onun danışığını yazaraq Prezident Administrasiyasına göndərib. Bundan sonra Nurəddin Mustafayev işdən çıxarılıb. Adəm Məmmədov sonradan yazdıqlarını silsə də, media onun fikirlərini tirajlayıb.
İsmayıl Kəngərli isə Adəm Məmmədovun dediklərini təkzib edib. O bildirib ki, məsələ ilə bağlı Vəkillə Kollegiyasına müraciət edəcək.
Seyid