Ölkə 16:32 22.07.2022

Generalın məhkəməsi yekunlaşır: Zərərçəkənlər aksiyalara başlaya bilər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin məhkəmə prosesi yekunlaşmaq üzrədir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iyulun 26-da keçiriləcək növbəti prosesdə son çıxışlar olacaq. İş üzrə zərərçəkənlər də prosesin yekunlaşmasını istəyir. 

Məlumatda həmçinin qeyd edilir ki, zərərçəkənlər bir neçə gün əvvəl Baş Prokurorluğun qarşısına toplaşıblar. Onların tələbi məhkəmədə adları hallandırılan şəxslərin də istintaqa cəlb olunmasını tələb ediblər. 

Zərərçəkənlər xüsusilə, Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsini istəyir. Çünki Mövlam Şıxəliyev başda olmaqla digər təqsirləndirilən şəxslər törətdikləri qanunsuz əməllərin məsuliyyətini Rüstəm Usubovun üzərinə qoyur. 

Başqa bir məlumatda isə deyilir ki, Mövlam Şıxəliyev əmlakları ilə bağlı araşdırma aparılır. Söhbət ona məxsus lakin başqa-başqa şəxslərin adlarına olan əmlaklardan gedir. 

Məlumatda həmçinin qeyd edilir ki, təqsirləndirilən şəxslərə verilən cəza zərərçəkənləri qane etməsə, həmçinin onlara dəymiş zərərin ödənilməsi təmin olunamasa aksiyalara başlaya bilərlər.

Seyid