DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev məhkəmə önünə çıxarılıb.
Məhkəmənin qərarı ilə T.Əsədullayev barədə iki aylıq həbs-qətimkan tədbiri seçilib. Generalın oğlu CM-in 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Baş Prokurorluqdakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Tamerlan Əsədullayev artıq 1 saylı Kürdəxanı İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, Bakının Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli yaxınlığındakı restoranların birində Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Hadisənin aprelin 10-da baş verdiyi, bir neçə nəfərin iştirakı ilə baş vermiş davada bıçaqlanan adamın olduğu bildirilir. O, hadisə yerindən qaçaraq gizlənib. Dava ilə bağlı Yasamal Rayon Polis İdarəsi 26-cı polis bölməsində təhqiqat başlanılıb.
Xəbərə görə, hadisədən xəbər tutan general çox qəzəblənib və oğlunu taparaq əvvəlcə özü tənbeh edib, daha sonra onu polisə təhvil verib və barəsində həbs-qətimkan tədbiri seçilməsində israr edib.
Qaynar.info