Xəbər lenti

Generalın yoxlamalara başlamasına aydınlıq gətirildi
Ölkə11:35 15.11.2014

Generalın yoxlamalara başlamasına aydınlıq gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlaması barədə məlumat yayılıb. Qeyd olunur ki, M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib. 

Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn "şikayətçi"nin BŞBPİ-nin rəisi olduğu məlum olub. Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək. BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.   

Teleqraf.com məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşovun mövqeyini öyrənib. V.Qaraşov qeyd edib ki, general-mayor Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olaraq paytaxtdakı bütün polis idarəsi və bölməsini yoxlamaq səlahiyyətinə malikdir: 

"Nöqsan aşkarlandığı təqdirdə onun aradan qaldırılması və məsul şəxslərin cəzalandırılmasına dair əmr, göstəriş verə bilər.  Yazırlar ki, polislər cənab generalı tanımayıblar. Azərbaycan dövləti və dövlətçiliyinin qorunmasında, Daxili İşlər Nazirliyi rəhbərliyinin başçılığı altında cinayətkarlığa qarşı mübarizədə Mirqafar Seyidov xüsusi xidməti olan generallardandır. Daxili işlər orqanında çalışan hər bir kəs cənab generalı yaxşı tanıyır və onunla qürur duyur.  Digər tərəfdən polis bölməsi icraçı qurum olaraq istənilən vətəndaşı qəbul edib, dinləyir və cinayətkarlığa qarşı mübarizədə lazımı tədbirləri həyata keçirir. Mətbuatda 8-ci polis bölməsində yoxlamaların olması barədə gedən məlumatlarla bağlı deyə bilərəm ki,  Daxili İşlər Nazirliyi və Bakı Şəhəri Baş Polis İdarəsinin rəhbərlikləri daim lazımi yoxlamalar həyata keçirir, konkret əmr və göstərişlər verir.  Mətbuatdan xahiş edirik ki, həqiqətə uyğun olmayan məlumatlar yaymasınlar və əldə etdikləri məlumatları Daxili İşlər Nazirliyi və ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər". 

Qaynar.info