Üzeyir Cəfərov: “Generallar ordudakı itkilərə görə cavab verməlidir”
“Cəmiyyət ölkə generalitetindən ordudakı itkilərin hesabını sormalıdır”.
Qaynar.info xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, polkovnik Üzeyir Cəfərov bildirib. Ekspertin sözlərinə görə, bir qarış da olsun torpaq azad etmədən bunca itki vermək təəssüf və qəzəb hissi doğurur:“Cəmiyyət soruşmalıdır ki, niyə MN-nin rəhbərliyi baş verən hadisələrin yalnız statistikasını aparır? Və nə vaxt onlar xalq qarşısına çıxıb müharibəni bəhanə etdiklərinə görə üzr istəyib nəticə çıxaracaqları haqqında doğru-düzgün məlumat verəcəklər? Yoxsa çiyinlərində gəzdirdikləri yekə ulduzlara baxıb utanmayacaqlar ki, bir qarış da olsa torpaq azad etmədən bu qədər itki yaşanıb?
Bəli, hesab edirəm ki, Azərbaycan cəmiyyəti bu gün həmən o kabinet generallarından sərt şəkildə soruşmalıdır ki, niyə bu qədər qeyri-döyüş itkiləri var? Niyə bunun qarşısının alınması istiqamətində iş aparılmır? Və nə üçün kimsə bu itkilərə görə məsuliyyətə cəlb edilmir?”
Qaynar.info