
Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DSX mətbuat xidmətinin əməkdaşı Rövşən Cahangirov "Qafqazinfo" ilə əlaqə saxlayaraq xidmətdə ümumiyyətlə heç bir yoxlamanın aparılmadığını bildirib. DSX rəsmisinin sözlərinə görə, generalların sərəncama göndərilməsi xəbəri də həqiqətə uyğun deyil.
Xatırladaq ki, bu gün aznews.az DSX-də yoxlamaların getdiyi və Dövlət Sərhəd Xidmətinin 4 generalının sərəncama götürüldüyü haqda məlumat yaymışdı.
* * * *
Azərbaycan Dövlət Sərhəd Xidmətində ciddi qanun pozuntuları aşkarlanıb.
Qaynar.info-nun aznews.az-a istinadən xəbərinə görə, son bir neçə gün ərzində, DSX-də yoxlamalar aparılıb. Yoxlamalar zamanı qurumda ciddi qanun pozuntularına yol verildiyi məlum olub.
Məlumata görə, yoxlamalardan sonra Dövlət Sərhəd Xidmətinin 4 generalı sərəncama götürülüb. Onlar İlham Mehdiyev, Ehram Hacıyev, Cavid Qurbanov və kadrlar şöbəsinin rəisi Elçin İbrahimovdur.
Onu da bildirək ki, qanun pozuntularıyla bağlı DSX-də təşviş yaranıb. Xidmət rəisi Elçin Quliyevin daha bir neçə nəfəri işdən çıxaracağı gözlənilir.
Qaynar.info