Natiq Muxtarlı
İndi nə yazırsan yaz, adama boşboğazlıq kimi gəlir.
Əsgər şəhid olmuş qardaşını çiyninə alaraq, döyüş meydanından çıxarır. Amma onun dəfninə getmir, “döyüş yoldaşlarımı burda qoyub gedə bilmərəm” deyir.
Yaralı mayor onu döyüş meydanından çıxartmaq istəyən əsgərlərə “əvvəlcə yaralı giziri çıxarın” əmrini verir. Özü qanaxmadan həyatını itirir.
Bu, pafos deyil. Bu, cəbhədə şəhid olan əsgəri mifləşdirmək də deyil. Bu, gerçəklikdi. Dünən gördüyümüz gerçəklik. Onlar sosial şəbəkədə vətənşüvənlik etmirdilər, kimisə ittihama məruz qoymurdular. Amma sosial şəbəkə boşboğazlarının ittihamlarına bəlkə də tuş gəlirdilər. İki kitab oxuyub başqalarını savadsız hesab edənlər, özlərini ağıllı, xalqı cahil sayanlar onları da ümumiləşdirilmiş azərbaycanlıların sırasına qatıb ittiham edirdilər. Onlar isə burda yox idilər. Məqamı çatanda gerçək qəhrəmanın kimlər olduğu bilindi.
Və məlum oldu ki, sosial şəbəkədəki vətənşüvənlik qəhrəmanlıq yox, sadəcə, boşboğazlıqdı. İndi yenə də atəşkəsdi. İndi yenə də boşboğazlar meydan sulayırlar. Hərbi xidmətə belə getməyənlər “niyə Xankəndinə getmirik” deyirlər.
İndi atəşkəsdi. Boşboğazlar yenə də hamını ittiham edirlər. Bunlar iki kitab oxuyublar, savadılıdlar, xalq cahildi. Bunlar haqqı danışırlar, xalq qəbul etmir. Bunlar xalqı oyadırlar, xalq oyanmır.
Onlar isə yenə də burda yoxdular. Sabah müharibə başlasa, Xankəndinə, Şuşaya, Laçına qədər gedəcək oğulları deyirəm. Onlar öz yollarını gedirlər. Sabah döyüş başlasa, onları şəhidliyə aparacaq yolla. Özü də kimisə ittiham etmədən, “niyə onlar yanımızda yoxdu” “niyə onlar vuruşmurlar”, “niyə biz” suallarını vermədən. Onlar - gerçək qəhrəmanlar burda yoxdular.
Bundan sonra nə yazırsan, yaz, boşboğazlıq kimi görünür.