Qadın və Uşaq Akademiyası İctimai Birliyi "Gəzən Akademiya" layihəsi çərçivəsində bölgələrdə təhsil və inkişaf sahəsində fəaliyyətlərini davam etdirir. Layihənin əsas məqsədi ucqar kəndlərdə məktəbəqədər və məktəb yaşlı uşaqların psixoloji və əqli inkişafını dəstəkləmək, elm və təhsilə maraqlarını artırmaq, dərs nəticələrini yaxşılaşdırmaqdır.
Bu dəfə Birlik Göyçayın Məlikkənd kəndində bir qrup məktəbli ilə görüş təşkil edib. Tədbir zamanı uşaqlar üçün maarifləndirici söhbətlər aparılıb və onların inkişaf səviyyəsini qiymətləndirmək məqsədilə müxtəlif testlər keçirilib. Testlər uşaqların potensialını müəyyənləşdirməyə kömək etdi və nəticələr əsasında onlara fərdi tövsiyələr verilib.
Eyni zamanda, mütaliə vərdişi yaratmaq və təhsilə marağı artırmaq məqsədilə uşaqlara bədii kitablar və müxtəlif maraqlı vəsaitlər hədiyyə edilib. Tədbirdə uşaqlar üçün interaktiv məşğələlər və kiçik müsabiqələr də təşkil olunaraq onların dərsə olan həvəsləri artırılmağa çalışılıb.
"Gəzən Akademiya” layihəsi çərçivəsində keçirilən bu görüşlər, kəndlərdəki uşaqlara həm bilik, həm də motivasiya təqdim etməklə onların təhsil və inkişaf yolunda daha uğurlu olmalarına töhfə verməyi hədəfləyir. Layihə hər həftəsonu müxtəlif kəndlərdə fəaliyyətini davam etdirəcək.
Qadın və Uşaq Akademiyası İctimai Birliyi, bu cür təşəbbüslərlə regionlarda təhsil və inkişaf imkanlarını genişləndirməyə və uşaqlara dəstək olmağa davam edir.