
“Karen Petrosyanın ölümü Dilqəm və Şahbazın ailəsində çox böyük narahatlıq yaradıb”.
Qaynar.info xəbər verir ki, bu sözləri Axar.az-a kecmiş döyüşçü, əsirlikdə olan Dilqəm Əsgərovla Şahbaz Quliyevin yaxin dostu Səbuhi Rəhimli bildirdi.
Onun sözlərinə görə, ailələrin indi tək ümidi prezidentlərin görüşüdür:
“İndi ailələr daha çox prezidentlərin görüşünə ümid edir. Az da olsa, ölən erməni diversantla dəyişdirilmə ümidi də vardı ailələrin. Ancaq dəyişdirilmə ilə bağlı heç bir rəsmi məlumat yox idi. Ailələrdə də elə ciddi informasiya yoxdur. Dilqəm və Şahbaz diversant deyil, sadə vətəndaşlardır ki, öz yurdlarını ziyarətə getmişdilər. Erməni tərəfi də bunu təsdiqlədi ki, bu adamlar hərbi əsir deyil. Bu səbəbdən hansısa diversantla Dilqəm və Şahbazın dəyişdirilməsi inandırıcı görünmür”.
S.Rəhimli ailələrin Rusiya prezidenti Vladimir Putinə yazdıqları məktuba gələn cavabdan da danışdı: “Prezident Putindən cavab gəlməyib. Rusiya Xarici İşlər Nazirliyi cavab yazıb ki, məsələ tərəfimizdən ciddi araşdırılacaq. Hələ ki, Dilqəm və Şahbazın ailəsi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə iki dəfə qısa məktublaşma olub”.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əhmədov və Şahbaz Quliyev girov götürülüb. Onlar uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərində videolar çəkirmişlər.
Qaynar.info