Xəbər lenti

Girovlarla bağlı açıqlama
Ölkə10:40 17.07.2014

Girovlarla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Kəlbəcər rayonu ərazisində azərbaycanlıların girov götürülməsi ilə bağlı ictimaiyyətin narahatçılığını nəzərə alaraq bir daha bildirir ki, onların sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ gündəlik diqqət mərkəzindədir və onunla bağlı bütün zəruri tədbirlər görülür.

Bu barədə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Komissiyadan deyilib: "Ermənistanın rəsmi dairələrinin yaydığı məlumatların əksinə olaraq bildiririk ki, girov götürülmüş şəxslər 12 avqust 1949-cu il tarixdə qəbul edilmiş Cenevrə Konvensiyalarının himayəsi altındadır və onlarla davranış həmin beynəlxalq sənədlər çərçivəsində olmalıdır. Ancaq Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxslər: "hərbi əsir deyil" deməkdə haqlıdır. Ona görə ki, həmin şəxslər Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində böyüyüb başa çatmış və ata-babalarının məzarı həmin ərazilərdə qalmış mülki insanlardı. Mülki şəxslərlə isə "Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust Cenevrə Konvensiyası"nın tələblərinə uyğun davranılmalıdır. Həmin konvensiyanın 4-cü maddəsində bu dəqiq ifadə edilib. Bu məqam aidiyyəti beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb.

Kəlbəcər rayonu ərazisində girov götürülmüş şəxslər erməni tərəfinin iddia etdiyi kimi, heç bir dövlət sərhədini pozmayıb və suveren Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisində olublar. Əsl sərhəd pozucusu isə 10 yanvar 2010-cu il tarixdə 5 nəfərdən ibarət ailə üzvü ilə "Yeraz" markalı maşınla Ermənistan Respublikasının Naxçıvan MR ilə sərhəd ərazisini keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Gevorkyan Yeqişe Petrosoviçdir. Həmin dövrdə Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Gevorkyanla sərhəd pozucusu kimi davrana bilərdi. Lakin, beynəlxalq hüquq normalarına həmişə hörmətlə yanaşmış Azərbaycan Respublikası Gevorkyana və onun ailəsinə münasibətdə humanitar hüquq normalarını əsas götürüb.

Diqqəti çəkən və narahtçılıq doğuran məqamlardan biri isə Ermənistanın rəsmi strukturlarına istinad edən erməni kütləvi informasiya vasitələrində məsələ ilə bağlı ziddiyyətli, bir çox hallarda isə biri-birini təkzib edən məlumatların yayılması, eyni zamanda onların guya bir hərbçini və bir mülki şəxsi öldürməkdə günahlandırılmasıdır. Hətta Dağlıq Qarabağda qurulmuş separatçı rejimin "yetkililəri" bir az da uzağa gedərək bu məsələnin danışıqlar prosesinə ciddi zərbə vuracağı kimi siyasi bəyanatlar verməkdən belə çəkinmirlər".

Dövlət Komissiyası bildirir ki, məsələyə kriminal və ya siyasi don geyindirilməsi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlikdir və saxlanılan şəxslərə bu normalarının tətbiq dairəsindən kənar münasibət qəbul edilməzdir.

Qaynar.info