İki dəfə göydə partlayış oldu və saat yarım sonra təyyarə yerə çırpıldı.
Trend xəbər verir ki, bu sözləri Aktau yağınlığında baş verən təyyarə qəzasında sağ qalan və hazırda "Yeni Klinika"da müalicə alan Balakən rayon sakini Vəfa Şabanova deyib.
O bildirib ki, təyyarədə tək uçurdu.
"Təyyarə yerə çırpılanda artıq hər kəs orada idi. Hədisədən sonra səfirlikdən əməkdaşlar bizimlə görüşüb maraqlandılar, həkimlərimiz gəlmişdi, çox adamlar var idi. Yaxınlarımızla əlaqə saxlamağa şərait yaradıldı. Burda yaxşıdı hər şey, yavaş - yavaş yaxşı oluram", - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Şərhlər