Xəbər lenti

Foto 13:40 25.10.2023

Göygöldə ayılar kəndlərə hücüm etdi (FOTOLAR)

Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücüm edərək zərər vurublar.

Kənd sakinlərinin "Report"un Qərb bürosuna verdiyi məlumata görə, son günlərdə dəfələrə onlara məxsus arı yeşikləri, mal-qara və meyvə ağacları ayılar tərəfindən zərər görüb.

Sakinlər bildirib ki, bir neçə gün öncə həm Quşçu kəndində, həm də qonşu kəndlər olan Qarabulaq və Sarısu kəndlərində bir neçə nəfərin təsərrüfatına ayılar tərəfindən ciddi zərər yetirilib.

Belə ki, ayılar Quşçu kənd sakini Y.Qarayevaya, həmçinin Qarabulaq kənd sakini M.Haqveridyevaya məxsus arı təsərrüfatına zərər vurub, bir neçə pətək dağıdılıb, arı ailələri tələf olub.

Qarabulaq kənd sakini E.Məmmədova məxsus meyvə və qoz ağacları da ayılar tərəfindən sındırılıb.

Qarabulaq kənd sakini S.Alışanova məxsus 2 baş mal-qara isə ayılar tərəfindən parçalanıb.

Sakinlər oxşar halın qonşu kənd olan Sarısu kəndində də baş verdiyini bildiriblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliyin 10 saylı Regional idarəsinin əməkdaşları ərazidə olub, faktlarla bağlı qeydlər alıblar.

"İdarədən bildirdilər ki, rəsmi ov tüfəngi olan bir neçə kənd sakini ayıların kəndə, təsərrüfata hücum etməməsi üçün növbə çəksinlər, əgər ayılar gələrsə, havaya atəş açaraq onları qorxudub ərazidən uzaqlaşdırsınlar. Ayını öldürmək olmaz, əgər ayını öldürsələr, küllü miqdarda cərmə ödəməli olacaqlar", - deyə sakinlər bildirib.

Kəndlilər heç bir sakində ov tüfəngi olmadığını və növbə çəkə bilməyəcəklərini deyiblər.

Qeyd edək ki, hər iki kənd meşəlik və dağlıq ərazidə yerləşir. Kənd sakinləri maldarlıq, arıçılıq və əkinçiliklə məşğul olurlar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?