Xəbər lenti

Goranboyun icra başçısına şok ittiham - FOTOLAR
Ölkə10:50 29.04.2014

Goranboyun icra başçısına şok ittiham - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Baş həkim Faiq Abdullayevin intihar etdiyi inandırıcı deyil, ona sui-qəsd edilib"

Goranboyda Mərkəzi Xəstəxananın baş həkimi Faiq Abdullayevin özünü öldürməsi ilə bağlı müəmma hələ də davam edir. 2011-ci ilin fevralında baş vermiş olayda şübhəli məqamların olduğu deyilir. 

Hələ hadisə baş verəndən sonra rayonda belə bir xəbər yayılmışdı ki, Faiq Abdullayevin intihar həddinə çatdırılmasında Goranboyun icra başçısı Nizaməddin Quliyevin böyük "xidməti" olub. Üstəlik, son günlər yayılan bir başqa xəbər isə keçmiş baş həkimin ümumiyyətlə, intihar etməməsi ilə bağlıdır. 

Qaynar.info-ya danışan mərhum baş həkimin yaxınlarından biri bildirib ki, Faiq Abdullayevin özünü Mərkəzi Xəstəxananın 3-cü mərtəbəsindən aşağı atması həqiqəti əks etdirmir. Mənbənin iddiasına görə, sabiq baş həkimə sui-qəsd olunub: "Faiq Abdullayevin özünü 3-cü mərtəbədən atdığı sənədlərdə göstərilir. Lakin hadisənin şahidi olan və baş həkimin nəşi xəstəxanada olarkən onu görənlər deyirlər ki, ümumiyyətlə, Faiq Abdullayevin bədənində nə sınıq, nə də əziklər olub. Axı 3-cü mərtəbədən yıxılan biri necə ola bilərdi ki, üzündə, bədənində hər hansı bir sınıq olmasın və ya bədənindən qan çıxmasın?"

Mərhum baş həkimin ölümü ərəfəsində Goranboyun icra başçısı Nizaməddin Quliyevlə ciddi konfliktlərinin də olduğunu bildirən mənbə qeyd edib ki, bunu təsdiq edən onlarla fakt mövcuddur: "Faiq Abdullayev baş həkim işlədiyi müddətdə icra başçısı ondan üst-üstə 100 min manata yaxın pul almışdı. Bu pullar isə rayonda həyata keçirilən tikinti işlərinə sərf olunurdu. Təkcə Goranboy rayonunun giriş qapısının inşasına 60 min manat pul vermişdi. Və bütün ödədidiyi pulların hamısını da siyahıya alaraq, kitab şəklində özündə saxlayırdı".

Onun sözlərinə görə ölüm olayında Nizaməddin Quliyevdən şübhələnmələri üçün əsaslar var: "Faiq həkim ölümündən əvvəl icra başçısı tərəfindən işdən çıxarılsa da, Səhiyyə Nazirliyi onu işdən çıxarmırdı. Nizaməddin Quliyev də dəfələrlə onu təhdid etmişdi ki, əgər özü ərizəsi ilə işdən çıxmasa, işini yoxlatdırmaqla kifayətlənməyib, həm də onu şərləyib həbs etdirəcək. İşdən çıxmamışdan əvvəl isə Nizaməddin Quliyev ondan 21 min manat pul da almışdı". 

Mənbə daha bir ilginc məqama toxunur. O qeyd edir ki, Faiq Abdullayevin dəfninə gəlmiş uşaqları Nizaməddin Quliyevin adamları tərəfindən maşına oturdulub və onlarla söhbət edilib: "Faiq həkimin uşaqları Fransada Prezident təqaüdü ilə təhsil alırlar. Atalarının dəfn mərasimi zamanı Nizaməddin Quliyevin adamları onları maşına əyləşdirirlər. Və onlara məsləhət bilirlər ki, bu ölüm olayının üzərinə getməsinlər. Buna da onunla əsaslandırıblar ki, həmin gənclərin karyerası var və sonra problem yarana bilər".

Faiq Abdullayevin həyat yoldaşına da dolayı təzyiqlər edildiyini də vurğulayan mənbə sonradan bu niyyətdən əl çəkildiyini bildirib: "Baş həkimin həyat yoldaşı da həkim işləyir və mütəmadi olaraq Doğum Şöbəsində əməliyyatlara girir. Bir neçə dəfə ona xəbərdarlıq edilib ki, əməliyyatların birində xəstə ölə bilər və bununla da onu həbs edə bilərlər. Lakin bu barədə müvafiq dövlət qurumlarına həyat yoldaşının məlumat verməsindən sonra belə təhdidlərin arası kəsilib".

Mənbə Faiq Abdullayevin Goranboy rayon İcra Hakimiyyətində kimlərə pul verdiyi və hansı məbləğdə ödədiyini əks etdirən kitabçanı da Qaynar.info-ya təqdim edib. O bildirib ki, təqdim etdiyi siyahıda hər şey əksini tapıb: "Orada İcra Hakimiyyətində kimlərə, hansı məbləğdə və nə üçün pul verildiyi tam əks olunub. Bu sənəd istintaq orqanlarına da təqdim olunub. Lakin heç bir tədbir görülməyib".

Əməkdaşımızla söhbət edən mənbə yekunda bildirib ki, qohumları Goranboy Mərkəzi Xəstəxanasının sabiq baş həkiminin intihar etməsinə qəti inanmırlar: "Onlar Faiq Abdullayevin sui-qəsdə məruz qaldığı düşüncəsindədirlər. Hesab edirlər ki, bu işdə Goranboyun icra başçısı Nizaməddin Quliyevin bu və ya digər şəkildə əli olub. Hətta intihar etdiyi təsdiqlənsə belə, onu bu həddə çatdıran elə adları çəkilən şəxslər olduğu istsina deyil".

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxış Abdullayev isə bu iddianı təkzib edib. O, Qaynar.info-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparıb və bununla bağlı qaldırılmış cinayət işi bağlanıb: "Məsələyə hüquqi qiymət verilib. İstintaqın yekun nəticəsi də ortadadır və iş bağlanıb". 

Qeyd edək ki, əlimizdə Qaynar.info-ya məlumatı verən mənbənin audio səs yazısı da var.  

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. 

Qaynar.info