
Tərlan Əbilov
Saçımın-saqqalımın ağardığına baxmayaraq, bu günəcən görməmişlik haqqında düşündüklərimin və gəldiyim qənaətlərin doğru olmadığını gec də olsa, anladığıma sevinirəm. Sizi bilmirəm, amma mən bu günəcən görməmişliyin mənasını insanın əlində olmadığını əldə etmək istəyi kimi anlamışdım. Və əlbəttə, bu yanaşmama hətta hər hansı bir insanın əlində olduqlarının daha çox olması istəyi də daxil idi.
Onu da bilirdim ki, istəmək anlamı təkcə "görməmişlik" adlandırdığımız nəsnədən ibarət deyil. Axı hər birimiz cocuqkən valideyinlərimizin, yaxud qohumlarımızın əlində gördüyümüz bir şeyə əl uzadıb, əl uzatdığımızı bizə verməyəndə isə ağlayaraq onlara əlində olanları bizə verməkdən başqa çıxış yolu saxlamamışdıq. Və bu kimi istəklərimizə doğru cəhdlərimiz böyüklər tərəfindən yalnız cocuğluğumuzla əlaqələndirilmişdi.
Bəli, elə cocuq olduğumuz vaxtlarda da bu hərəkətlərimizi görməmişlik kimi qiymətləndirənlər az olmamışdı. Amma bunun nə dərəcədə doğru olduğunu əminəm ki, mənim kimi bu günəcən kafasına əziyyət verməyənlər nə o vaxt anlaya biləcək qədər idi, nə də indi. Nəzərə alsaq ki, hər bir insanın dünənki düşündükləriylə bu gün düşündükləri arasında fərqin olması normaldı, demək, bu gün səhv eləmiş olsam belə, sabaha "Allah Kərimdir" deyib bu gün gəldiyim qənaətlərin səhv olduğunun altından sabah çıxacağıma inamsızlığınızın özündə bir görməmişliyin əsası yaranmış olur tərəfinizdən.
Axı hazır olmadığımız bir şeyin özünə cavab almaq istəyininin özündə də bir vaxt görməmişliyi var. Bu bilirsiniz mənə nəyi xatırladır? Müstəqilliyimizə qədər arzuladıqlarımızı. Nəhayət, uzun sürən müsibətdən sonra istədiyimizə çatdıq: 1991-ci il oktyabr ayının 18-də Müstəqillik Aktı qəbul olundu. Bu gün müstəqilliyimizin elan olduğundan çox az - 23 il keçib. Amma hələ də gözümüz doymadığından, görməmiş olduğumuzdan, işsizlikdən, evsizlikdən, işğal olunan torpaqlarımızın düşmən tapdağı altında olduğundan gileylənirik. Bir deyən də yoxdur ki, a millət, Moskva birdən qurulmayıb ki, imkan verin bir 25-30 il də ötsün, bu dediyiniz problemləri də aradan qaldıracağıq da...
Mətləbdən uzaqlaşmamaq şərti ilə izninizlə görməmişliyin ayrı tərəflərindən birinə də sizinlə bahəm kiçik bir səyahət edək. Dünən keçmiş Azadlıq meydanında gəzişərkən uzaqdan musiqi məktələrinin birində müəllim işləyən dostumun mənə tərəf gəldiyini görüb ayaq saxladım. Salamlaşdıq və ilk kəlməsi bu oldu: “Görməmişlər!”. Soruşdum, yenə nə olub? Gəzişdiyimiz vaxtda etdiyi söhbətdən aydın oldu ki, işlədiyi məktəbin adına "youtub"da bir profil açılıb, məqsəd də yaradıcı kollektivin fəaliyyətini sosial şəbəkələrdə nümayiş etdirmək olub.
Az sonra məktəbdaxili konsertlərin birinin video yazısını sosial şəbəkəyə yükləyib. 2-3 gün keçəndən sonra iş yoldaşlarından yaşı az qala altmışa çatmış, 3-4 nəvəsi olan bir müəllimə zəng vurub bu nənəsi ölmüşə deyib ki, sən mənim şəklimi internetə niyə qoymusan? Xahiş eləyirəm, necə qoymusan, eləcənə də ordan götür. Oğlanlarım, ərim bilsə məni də doğrayar, səni də.
Bu azmış kimi, növbəti zəng dostumla orta məktəbdə oxumuş və indi isə bir kollektivdə məllimə kimi çalışan xanım tərəfindən olub. O da bir başqa cür dostuma dişinin dibindən çıxanı deyir. Dostum bu xanıma da deyir, axı o video yazıda təkcə siz deyilsiniz, rəhbərliyəcən hamımız varıq da orda, bu məktəbin ümumi işidir:
- Mən sadəcə məktəbibimiz başqa məktəblərdən geri qalmasın deyə bu işi öz üzərimə götürdüm. Siz niyə qarışdırırsnız. 4 gün öncə 90-cı ilin yanvarında şəhid olanların məzarı üstə gül qoyanda tv kanallardan da bizi çəkmişdilər, hətta nümayişini də bütöv respublika izləmişdi, eləcə də siz. Bəs onda niyə etiraz eləmədiniz ki? Xanımsa cavabında demişdi ki, televiziya ayrı, internet ayrı... Dostum xanımın bu cavabından kəsilə-kəsilə qalsa belə video yazını ordan siləcəyini deyib canını bir təhər qurtarmışdı.
Əslində, dostum da belə şeyin şahidi olmamışdı, ta ki "youtube"da profil açana qədər. O da görməmiş idi yəni...
Saçımın-saqqalımın ağardığına baxmayaraq, bu günəcən görməmişlik haqqında düşündüklərimin və gəldiyim qənaətlərin doğru olmadığını gec də olsa anladığıma sevinirəm gerçəkdən.
Bilirsiniz niyə? Çünki dünənəcən mən də GÖRMƏMİŞDİM...
24.01.2014