
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Bakıda müşahidə edilən anomal hava şəraiti ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında iyunun 29-da əsən güclü şimal-qərb küləyi iyunun 30-da daha da şiddətlənib.
Küləyin maksimal sürəti 28-30 m/s-yə çatıb. Ayrı-ayrı rayonlarda isə qərb küləyinin sürəti 16-28 m/s təşkil edib.
Əksər bölgələrdə yağış yağmış, şimşək çaxıb. Düşən yağıntının miqdarı Böyük Qafqazda 9-18, bəzi ərazilərdə 26-45, Kiçik Qafqazda 3-8, Mərkəzi Aran rayonlarında 2-6 mm təşkil etmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunacaq. Havanın buludlu olacağı və arabir yağış yağacağı gözlənilir.
O qeyd edib ki, sabah gündüz saatlarından paytaxtda küləyin sürətinin nisbətən azalacağı proqnozlaşdırılır. Bölgələrdə də bu gün yağışlı hava şəraiti müşahidə olunacaq. Sabah gündüz saatlarında bəzi rayonlarda yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
Qaynar.info