Xəbər lenti

Gülər Əhmədova: "Məni şərləyiblər"
Ölkə12:05 21.10.2013

Gülər Əhmədova: "Məni şərləyiblər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə barəsində həbs qəti imkan tədbiri seçilən sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.  

Movqe.az-ın məlumatına görə, prosesdə G. Əhmədovanın özü də iştirak edib. Məhkəmədə G. Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edərək bildirib ki, müdafiə etdiyi G. Əhmədova barəsində cinayət işinə xitam verilməlidir. Buna bir sıra dəlil və sübutların olduğunu söyləyən Ə. Talıbov qeyd edib ki, sabiq millət vəkilinin həbsi üçün əsas olacaq sübut ortada yoxdur: ““Müstəntiq ittiham aktında qeyd edib ki, Gülər Əhmədova vəzifəli şəxs kimi özgənin əmlakını mənimsəmək məqsədilə deputat olarkən 2005-ci ildə keçiriləcək deputat seçkilərində yaxın rəfiqəsi Sevinc Babayeva ilə cinayət əlaqəsinə girib və Elşad Abdullayevin rüşvət kimi vermək istədiyi pulu ələ keçirmək istəyib. Guya Gülər Əhmədova həmin ilin oktyabr ayında 500 min dolları ələ keçirib. Bu Gülər Əhmədovanın təqsirləndirilən şəxs qismində cəlb edildiyi birinci qərarda qeyd edilib. Qərarda cinayətin törədildiyi yer dəqiq göstərilməyib. Qərar qəbul olunarkən qanununverciliyin tələbləri kobud şəkildə pozulub. Rüşvət kimi alındığı iddia olunan pulun dəqiq yeri göstərilməyib. İstintaq dövründə Gülər Əhmədovanın barəsində olan qərar 4 dəfə dəyişdirilib.

Gülər Əhmədovanın həbsinə səbəb kimi, Elşad Abdullayevin gizli yolla çəkdiyi video əsas götürülür. Halbuki, gizli video çəkiliş sübut sayıla bilməz. Üstəlik Elşad Abdullayevin iddia etdiyi, Gülər Əhmədovaya deputat seçilməsi üçün müəyyən məbləğ ödədiyini təsdiqləyən fakt da ortada yoxdur. Sizin diqqətinizə bir məsələni çatdırmaq istəyirəm. Elşad Abdullayev Gülər Əhmədovaya deputat seçilmək üçün pul verdiyini iddia edir. Maraqlıdır, Arzu Kazımova  və digər müxtəlif məqsədlərlə pul verdiyini iddia etdiyi şəxslərin hər biri ilə imzalı borc müqaviləsi bağlayan E. Abdullayev Gülər Əhmədovaya 1 milyon verərkən borc müqaviləsi, yaxud hər hansı bir qəbz tələb etməyib. Əli Bayramova verdiyi 5 min manata görə qəbz alıb. Axı onun iddiasına görə, Elşad Abdullayev Arzu Kazımovdan və digərlərindən Gülər Əhmədovaya dəfələrlə artıq pul verib. Bu hesabla özünü hüquq professoru adlandıran şəxs müəyyən təcrübəyə malik olmalı, Gülər Əhmədovaya verdiyi pul görə borc müqaviləsi, yaxud hər hansı qəbz tələb etməli idi. Hansı güvənə əsasən Elşad Abdullayev Gülər Əhmədovaya verdiyini iddia edən pula görə hər hansı fakt toplamayıb? Elə burdan görünür ki, Elşad Abdullayev Gülər Əhmədovaya deputat seçilmək üçün pul verməyib. Və bu iddiası əsassızdır. 

İkincisi Elşad Abdullayevin istintaqa videogörüntünü tam təqdim etməməsidir. Onun tərəfdarları söyləyir ki, onlar hələ videonun tam versiyasını hazırlayıb başa çatdırmayıblar. Bu isə onu deməyə əsas verir ki, Elşad Abdullayev videoçəkiliş üzərində müəyyən işlər aparır. Ona görə, də gizli, eyni zamanda montaj olunmuş videoçəkiliş sübut kimi istifadə oluna bilməz.  Digər vəsatətim ortada mərhum Sevinc Babayevanın  ifadəsi olmadan onun yaxınları vasitəsilə Sevincin Gülər Əhmədova pul verməsinin təsdiqlənməsidir. Hadisə üç adamın iştirakı ilə baş veribsə bu hadisədə şahid kimi həmin şəxslər tanınmalıdırlar. Sevinc Babayeva dünyasını dəyişib və onun bu məsələ ilə bağlı ifadəsini almaq mümkün olmayıb. Elşad Abdullayev isə qaçıb Fransada siyasi sığınacaq alıb. Və onun ifadəsi alınaraq təsdiqlənməyib. Ortada Gülər Əhmədova qalır ki, o da Elşad Abdullayevdən pul aldığını təsdiqləmir. Mən hesab edirəm ki, Sevinc Babayevanın Gülər Əhmədovaya pul verdiyini təsdiqləyən fakt olmadığı halda Sevinc Babayevanın yaxınları ilə telefon söhbətinin şahid ifadəsi kimi tanınması doğru deyil. Sevinc Babayevanın güya kimlərəsə telefonda Elşad Abdullayevdən pul alıb Gülər Əhmədovaya verdiyini deməsi bu işdə şahid ifadəsi kimi tanına bilməz. Çünki, Sevinc Babayeva öldüyündən həmin şəxslərə bu sözləri deyib-demədiyini təsdiqləmək imkanı yoxdur. Ona görə də ölmüş şəxsin adından ifadə verənlərin ifadələri qəbul oluna bilməz. G. Əhmədovanın verdiyi ifadə də təhrif olunub. 

G. Əhmədova istintaqa ifadəsində Elşad Abdullayevdən pul aldığını təsdiqləməyib. Amma istintaq materiallarında qeyd olunub ki, güya Gülər Əhmədova deyib ki, Elşad Abdullayevdən pul alıb qaytaracaq. Belə bir söz işlətməyib Gülər Əhmədova. Müdafiə etdiyim Gülər Mikayıl qızı Əhmədova istintaqa ifadəsində deyib ki, “artıq mən yorulmuşam. Heç kimdən pul almamışam. Amma Elşad Abdullayev ki, deyir mənə pul verib, mən Prezidentin mənə bağışladığı evi sataraq ona ödəyərəm. Ona görə də, Gülər Əhmədovanın ifadəsi təhrif olunduğu üçün sübutlar siyahısından çıxarılmalı, Sevinc Babayevanın ona göndərdiyi mesajların sübut kimi qəbul edilməlidir. Digər tələbim Sevinc Babayevaya Türkiyədə yaşamağa köməklik edən türk vətəndaşı Səlcuq Ağlayanın ifadələrinin istintaq materiallarına əlavə edilərək şahid ifadəsi kimi tanınmamasındandır. İstintaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar o qədər də əsaslı deyil. Möhtərəm hakim sizdən xahiş edirəm ki, Gülər Əhmədova ilə bağlı qərar verərkən onun hər zaman dövlətçiliyin keşiyində durduğunu, 3 dəfə millət vəkili seçildiyini, Azərbaycanın xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlığı sahəsində xidmətlərini, eləcə də himayəsində 8 yaşlı uşağının olmasını, səhhətində yaranmış problemləri nəzərə alaraq Gülər Əhmədova barəsində seçilmiş həbs qətiimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz”.

Məhkəmənin kiçik fasiləsindən sonra  dövlət ittihamçısı Eldar Həmzəyev vəsatətlərə münasibət bildirib: “Həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət təmin oluna bilməz, çünki Gülər Əhmədova gizlənə, məhkəmədən yayına bilər. G. Əhmədovanın vəkili videomaterialların montaj olunduğunu söyləsə də, araq  ekspertizadan keçirilib və onların montaj edilmədiyi məlum olunub. Bu vəsatətlər də təmin oluna bilməz. Ə. Talıbov qeyd etdi ki, istintaqa Sevinc Babayevanın Türkiyədə yaşadığı yer bəlli olsa da, onun ifadəsinin alınmasına cəhd edilməyib. Halbuki, Sevinc Babayevanın yerinin məlum edilməsi və ifadəsinin alınması ilə bağlı cəhdlər olsa da, bu, mümkün olmayıb”. 

Dövlət ittihamçısı S. Babayevanın G. Əhmədovaya göndərdiyi mesajların sübut kimi qəbul edilməsi barədə vəsatətin baxılmamış saxlanmalı olduğunu bildirib. Daha sonra Eldar Həmzəyev cinayət işinin məhkəmə baxışına çıxarılmasını xahiş edib. Vəkil Əfsər Talıbov da işin məhkəmə baxışına verilməsinə etiraz etməyib. Sonra Gülər Əhmədova çıxış edib. Sabiq millət vəkili bildirib ki, barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini azyaşlı oğluna görə istəyir: “Mən hara qaça bilərəm, niyə qaçmalıyam? 3 dəfə millət vəkili seçilmiş adamam. Üstəlik əlimdə pasportum da yoxdur. 8 yaşlı oğlum on aydır anasız qapılarda qalıb. Axıra qədər mübarizə aparacağam və sübut edəcəyəm ki, məni şərləyiblər. Mənim Sevincdən, Elşaddan imkanlarım heç də az deyildi. Elə bilirsiniz, ABŞ-dan, Fransadan sığınacaq ala bilənməzdim?  İfadə verəndə mənə psixoloji və fiziki təzyiq olunub. Nüfuzuma xələl gəldiyi, təzyiqlərdən yorulduğum üçün Elşad Abdullayevə pulu qaytaracağım barədə ifadə verdim”.

Daha sonra prosesdə Elşad Abdullayevin məhkəməyə ünvanlanmış məktubu elan olunub. Məktubda E. Abdullayev məhkəmədən zərərçəkmiş kimi tanınmasının, ona dəymiş 1 milyon manat ziyanın ödənilməsinin təmin olunmasını istəyib.

Lakin prokuror məktuba münasibət bildirərək deyib ki, bu məsələlər əsassız olduğu üçün təmin oluna bilməz. G. Əhmədova isə bu məktuba görə E. Abdullayevə təşəkkür edib: “Mənə endirim edib, 2 milyondan 1 milyona düşüb. Fransız şərabından içib kefi yaxşı olanda, belə endirimlər edir. Onun fikirləri absurddur. Sizi inandırıram ki, o bura gəlsə deyəcək ki,  pul söhbətini elə-belə atmışdım ortaya görək kim özünü necə aparacaq?” 

Sonda məhkəməni aparan hakim Əlisultan Osmanov bildirib ki, Gülər Əhmədova barəsində həbs qətiimkan tədbiri saxlanılaraq prosesə baxış iclası oktyabrın 28-nə saat 10:30-a  təyin olunsun.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

Qaynar.info