Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə hökmündən verilən apelyasiya şikayəti icraata verilib. İş üzrə məhkəmənin ilkin baxış iclası iclası yanvarın 23-də, gələn həftənin cümə axşamı gününə təyin olunub. Bu barədə bizə açıqlamasında G.Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verdi. Onun bildirdiyinə görə, apelyasiya şikayəti baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun icraatına verilib. Hazırda hakim işlə tanış olur.
Vəkil dedi ki, məhkəməyə hazırlaşırlar və xeyli yeni sənədlər əldə ediblər. Bütün bunlar məhkmədə açıqlanacaq. Müsahibimizin sözlərinə görə, prosesdə G.Əhmədova və müdafiəçisi olaraq özü ona qarşı səslənən bütün ittihamlara sözlə yox, faktlar, sənədlərlə cavab verəcək.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünümüdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edib.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.